Dünya 15:36 27.07.2013

Mursi tərəfdarları gülləbaran edildi: 75 ölü

KİV onlarla yaralının olduğunu xəbər verir

Misirin paytaxtı Qahirədə bu səhər Məhəmməd Mursi tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında yeni toqquşmalar olub. "MENA" agentliyinin səhiyyə işçilərinə istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin oturaq aksiyanı dağıtması zamanı azı 75 Mursi tərəfdarı öldürülüb. 

"Euronews"-un məlumatına görə, "Müsəlman Qardaşları" hərəkatı da bu səhər polisin dinc aksiyaçılara atəş açması nəticəsində 70-dən çox tərəfdarının öldürüldüyünü iddia edir. Onlarla adam yaralanıb.

Xatırladaq ki, ötən gün cümə namazından sonra Qahirə və İsgəndəriyyə şəhərlərində Mursi tərəfdarları və əleyhdarlarının nümayişləri zamanı iğtişaşlar baş verib. Misir dövlət televiziyasının məlumatına görə, dünənki iğtişaşlarda ümumilikdə 21 nəfər ölüb, 177 nəfər xəsarət alıb./anspress/