Foto 14:46 14.11.2017

Müsəlman Azərbaycanın "Azad qadın"ı (FOTOLAR)

Nizami metrostansiyası yaxınlığında bir qadın heykəli var. Uzun illərdir ki, paytaxtın mərkəzində, demək olar bütün səmtlərdə yaşamışam, bununla yanaşı Nizami metrosu tərəfə də tez-tez yolum düşüb. Bu yaxınlarda yeni yaşayış yerim Zivərbəy Əhmədbəyov küçəsi oldu. Hər gün işə, çəkilişə, gəzməyə, marketə gedəndə ətrafı hündür binalarla mühasirəyə alınan nəhəng heykəlin ətrafından, yanından, altından, sağından, solundan keçirdim, ancaq, gündəlik qayğıların əlindən heç bu heykəlin nəyin, kimin heykəli olması barədə fikirləşməmişdim.  

Günlərin bir günü gecə Gürcüstandan Bakıya gələn proqressiv, eksperimental embient janrındakı sənətçilərin konsertini dinləyib beynimdə həmin improvizasiyaların küyünü dinləyə-dinləyə evə qayıdırdım. Saatın əqrəbləri 3-ə doğru (gecə) hərəkət edir, həftəsonu olmasına baxmayaraq, işıqforlar öz ahəngi ilə yolu keçən 1-2 piyada və 3-4 maşın üçün işləyirdi. Mən də mərkəzdən Nizami metrosu tərəfə (evə) xəzəlli Bakı küçələrini gəzə-gəzə, üstü bəzək altı-təzək nimdaş binalara boylana-boylana gəlirəm. Xarici İşlər Nazirliyinin qarşısına çatmışdım ki, dostum zəng vurdu, marketdən nələrsə almağımı istədi. Elə bu məqsədlə qarşıya keçib marketə girdim, müvafiq sifarişləri alıb, üzü yuxarı - evə doğru yenə beynimdə eksperimental embient notları ilə qalxıram. Tək evə qalxmağa həvəsim olmadığı qədər, evə girməyə də bir o qədər həvəssiz qalxdıgım üçün ətrafdakı hər şeyə -  binalara, maşınlara, mağazalara, ağaclara, güllərə diqqətlə baxır, küçədə evə gec çatmaq üçün vaxt öldürürəm. Elə bu anda yazının əvvəlində də qeyd etdyim kimi, hər gün sağından-solundan keçdiyim heykələ gözüm sataşdı və proqressiv musiqidən sonra bu dəfə beynim bu heykəl barədə düşünməyə başladı ki, şəhərin mərkəzində, küçənin tən ortasında bu nəhəng heykəl nə məqsədli ucaldılıb? Bu nəhəng gözəllik sən demə Şərqdə ilk dəfə çadrasını atan "Azad qadın"ın heykəlidir. Necə də gözəl səslənir, "Azad qadın" heykəli! 

Heykəl barədə ətraflı məlumat almaq üçün internetdə axtarış verdim. Amma bu barədə quru "wikipedia"  məlumatından savayı heç nə tapa bilmədim. Tarix deyir ki, Şərqdə ilk dəfə çadrasını atan qadın İranın Qəzvin şəhərində anadan olan şairə Tahirə Qürrətüleyndir. Qadın azadlığının carçılarından olan şairə şəxsiyyətini Mirzə Kazım bəy və Mirzə Fətəli Axundzadə kimi mütəfəkkirlər yüksək qiymətləndirib. Doğma Azərbaycan türkcəsini mükəmməl bilsə də, əsərlərini fars dilində yazıb.

Ancaq Bakıda ucaldılan "Azad qadın" heykəlinin kimliyi isə tamamilə fərqlidir. Müəlliflərin bu heykəli hansı qadının və ya hansı qadının fotosunun əsasında hazırladıqları barədə maraqlı fakt var. Belə ki, el arasında Sevil adlanan "Azad qadın” heykəli, əslində aktrisa Mərziyə Davudovanın heykəlidir. Bu barədə məlumat ilk azərbaycanlı fotoqraf, Maştağa sakini Cavad Axundova aiddir.

"1928-ci ildə Dram Teatrında Cəfər Cabbarlının "Sevil” əsərinin premyerası gedirdi. Mən tamaşadan öncə baş rolun ifaçısı Mərziyə Davudovanın qrim otağına girdim. Otaqda foto aparatımı qurandan sonra aktrisadan soruşdum ki, "Mərziyə xanım, çadranı başınızdan necə atacaqsınız?" O, həmin anı göstəmək məqsədilə əlini çadraya atanda, mən də aparatın düyməsini basdım. Və həmin anı fotoaparatımın yaddaşına həkk etdim. Bilirdim ki, bütün şəkillər ekspromt olanda daha uğurlu alınır. Sonralar həmin fotoşəkilin əsasında, heykəltəraş Fuad Əbdürrəhmanov "Azad qadın” heykəlini yaratdı”, deyir Cavad Axundov.

Fikrimcə, "Azad qadın" heykəli şəhərin ən gözəl heykəltəraşlıq nümunəsidir. Müsəlman ölkəsində çadrasını atan "Azad qadın" heykəli artıq mənim üçün Bakıdakı ən diqqətə layiq heykəl kimi yadda qaldı. Əminəm ki, mənim kimi yüzlərcə adam hər gün bu heykəlin ətrafindan dövrə vurur, ancaq başını qaldırıb heykələ baxmaq ağlına gəlmir. Mərkəzi küçədə belə gözəllik məni Bakı adına çaşdırdı. 

Qeyd edim ki, heykəl 1960-cı ildə tanınmış heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanıb. Memarı isə Mikayıl Hüseynovdur. Deyərdim ki,  Bakının mərkəzində ucaldılan bu "Azad qadın" heykəli Nyu-Yorkun nəhəng Azadlıq heykəlindən heç də geri qalmır. 

Xoşbəxtliyin sirri azadlıqdır. 

Sultana Əhmədbəyli
Qaynarinfo.Az