Ölkə 12:52 20.01.2018

"Müstəqilliyimizi qanımız bahasına əldə etdik"

1990-cı il 20 yanvar tarixində törədilmiş faciəyə Türkiyə mediasında da geniş yer verilib. 

Qaynarinfo xəbər verir ki, o gün Bakıdan başqa, paytaxtdan 170 km məsafədə yerləşən Neftçalada da 2 cinayət törədilib. 20 yanvar faciəsinin şahidlərindən olan 60 yaşlı Mustafa Əliyev o gün gördüklərindən Anadolu Agentliyinə söz açıb. Qarabağ Müdafiə Komitəsinin üzvü olan Əliyev bunları deyib:

"Sovet ordusunun Neftçalaya gələcəyini bilirdik. 25 yanvarda Qarabağ Müdafiə Komitəsi olaraq iclas keçirirdik. Əsgərlər iclasa basqın təşkil etdi. Onların binaya girişinə mane olmaq üçün qapıya doğru qaçdıq. Yaxın məsafədən bizə atəş açdılar. Dostum Əbülfəz Cəfərov özünü irəli ataraq həyatımı xilas etdi. Ona 3 güllə dəymişdi. İçəri girən əsgərlərdən biri silahın qundağı ilə məni vurdu. Daha sonra 3 qabırğamın qırıldığını öyrəndim. Güllə hədəfi olmamaq üçün sürünə-sürünə qaranlıq otaqlardan birində gizləndim, amma əsgərlər 30 nəfəri apardı. Dostlarım günlərlə işgəncəyə məruz qaldı. Bəzilərini döydülər, bəzilərinə soyuq su ilə işgəncə verdilər".

Onun həyatını xilas edən Əbülfəzin nişanlı olduğunu bildirən Mustafa Əliyev "Sovet əsgərləri nişan üzüyünü almaq üçün Əbülfəzin barmağını kəsdi. Bu bu prosesin canlı şahidi olmuşuq. Müstəqilliyimizi qanımız bahasına əldə etdik" deyə qeyd edir.

20 yanvarda yaralanmış 63 yaşlı Asim Hüseynov isə Azərbaycan xalqının dirəniş və müstəqillik mübarizəsini qürurla xatırladığını, o günlərin həyəcanını bu gün də yaşadığını deyir:

"Ermənilərin torpaq iddiaları, 70 il idarəsində yaşadığımız Sovet hakimiyyətinin bu hadisələrə göz yummasına görə etirazlar başlamışdı. Sovet ordusunun bizə güllə atacağını fikirləşmirdik. 15 yanvar 1990-cı il tarixində Bakıda fövqəladə vəziyyət elan olunmuşdu, lakin daha çox insan küçələrə axışmağa başladı. 19 yanvar gecəsi Sovet ordusu Bakıya girdi. Əvvəlcə dövlət televiziyasının elektrik mərkəzini partlatdılar. Sonra fərqli istiqamətlərdən tanklarla şəhərə daxil oldular. O vaxt Badamdarın girişində idim. Təxminən 80 tank qəsəbəyə girdi, barrikadanı dağıtdı. Silahsız idik və buna uyğun formada müqavimət göstərirdik. Bizi tutub yerə yatırdılar, üstümüzü axtardılar. Heç nə tapa bilməyib atəş açdılar və mən dizimdən yaralandım. Dostlarım tərəfindən xəstəxanaya aparıldım və uzun müddət müalicə olundum. O illərdə Qazaxıstan, Gürcüstan və digər ölkələrdə oxşar hadisələr baş vermişdi, amma bunlar Sovet hökümətinə sarsıdıcı təsir göstərməmişdi. 20 yanvar hadisəsindən sonra Sovet hakimiyyəti tamamilə zəiflədi. Azərbaycan xalqı, qanı bahasına müstəqilliyini qazandı. Mən də aldığım güllə yarası ilə müstəqilliyin əvəzini bir növ ödədim. Buna görə fəxr edirəm". 

Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada 20 yanvar faciəsini anma mərasimi təşkil ediləcək. Tədbirə sərdliyi Azərbaycan Kültür Dərnəyinin sədr köməkçisi Oqtay Erol edəcək.

Gülşən