Ekonomiks 01:43 21.06.2014

Müştəri vəfat edərsə, krediti kim ödəyəcək?

Azərbaycanda son zamanlar banklarla kredit götürən müştərilər arasında tez-tez problemlər yaranır. 

Bu tipli problemlər əksər hallarda müqavilə şərtlərindən və yerli qanunvericilikdən xəbərdar olmamaqdan irəli gəlir. 

Bu tipli narazılıqlardan biri də kredit götürən müştəri dünyasını dəyişdikdə zamin, yaxud mərhumun qohumları ilə bank arasında yaşanır. Mübahisə doğuran əsas məsələ isə kredit faizlərinin hesablanması və qalan borcun kim tərəfindən ödənilməsi ilə bağlı olur. 

Bu məsələnin hüquqi və etik aspektlərini Axar.az-a şərh edən “Dəmirbank”ın Marketinq Departamentinin direktor müavini Sənan Həsənov bildirdi ki, kredit götürən şəxs vəfat edərsə, banka olan borcu zamin duran şəxs ödəməlidir: 

“Kredit müqaviləsi bağlanan zaman hər-hansısa şəxs zamin durursa və müştəri vəfat edirsə, bu zaman kreditin qaytarılmasını həmin şəxs təmin edir. Yox əgər zamin yoxdursa, o zaman girov qoyulan əmlakın satılması yolu ilə borcun ödənilməsi həyata keçirilir. Digər bir halda isə kredit müqaviləsi imzalanan zaman nə zamin duran şəxsin, nə də girovluqda hansısa əmlakın olmaması mümkündür. O zaman müqaviləyə baxılır. Ola bilər ki, vətəndaş arayış təqdim etməklə kreditə pul götürüb. Bu zaman isə həmin müqavilə “Problemli Kreditlər Şöbəsi”nə göndərilir və həmin şöbə məhkəmə yolu ilə vərəsəlik hüququ olan şəxsdən həmin borcu alır”. 

Bank rəsmisi bu tipli fors-major hallarda faizlərin hesablanmasının dayandırıldığını da bildirdi: 

“Əgər kredit götürən şəxs vəfat edirsə, bu zaman faizlər ləğv edilir. Bu o zaman baş verir ki, müştərinin dünyasını dəyişdiyini göstərən rəsmi sənəd – ölüm haqqında şəhadətnamə bankımıza təqdim edilir. Şəhadətnamə banka təqdim edildiyi andan etibarən faizlərin hesablanması dayandırılır”. 

Xatırladaq ki, qeyri rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 14 milyard manatdan çox kreditə pul verilib ki, onun da təxminən 10 faizi problemli kreditlərə daxildir.