Siyasət 17:57 20.05.2013

Müxalifət dindarların aksiyasına dəstək verəcək (AÇIQLAMA)

Tural Abbaslı: “Biz istənilən halda bu cür aksiyaları dəstəkləyirik”

Gözəl Bayramlı: “Biz onların tələblərini müdafiə edirik”

Taleh Bağırovun Hüquqlarını Müdafiə Komitəsi mitinq keçirmək üçün mayın 20-də Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib.  Onlar Aksiyanı iyunun 1-i saat 16-dan 18-dək Bayıl qəsəbəsində yerləşən sürücülük məktəbinin həyətində keçirməyi planlaşdırırlar.

Mitinqdə “Qanunsuz həbslərə son qoyulsun!”, “Qanunsuz həbs olunanlar dərhal azad edilsin!”, “Konstitusion hüquq və azadlıqlarımızın tapdanmasına dözməyəcəyik!”, “Vicdan məhbuslarına, siyasi məhbuslara azadlıq!” şüarlarını səsləndiriləcək. Taleh Bağırovun Hüquqlarını Müdafiə Komitəsi siyasi partiyalara, hüquq müdafiə təşkilatlarına, müdafiə komitələrinə, gənclər təşkilatlarına, vicdan məhbuslarının yaxınlarına aksiyada iştirak üçün müraciət edəcək.

Bəs, görəsən, həmin aksiyaya Müsavat və AXCP dəstək verəcəkmi?

Müsavat Partiyası gənclər təşkilatının sədri Tural Abbaslı Qaynar.info-ya açıqlamasında deyib ki, Müsavat istənilən halda bu cür aksiyaları dəstəkləyir: “Biz siyasi partiyayıq, ona görə bu məsələlər partiyanın rəhbər strukturları tərəfindən müzakirə olunub, təsdiq edilməlidir. Hələlik bu aksiya ilə bağlı heç bir müzakirə aparılmayıb. Yəqin ki, iyunun 1-nə qədər qərar verərik. Amma biz istənilən halda bu cür aksiyaları dəstəkləyirik. Sərbəst toplaşmaq azadlığı demokratiyanın təməl prinsiplərindən biridir. İnsanlar qanunsuz olmayan istənilən məsələ ətrafında birləşib öz tələblərini hakimiyyətdən tələb edə bilərlər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı da həmin aksiyanı dəstəkləyəcəklərini dedi: “Biz aksiyalara həmişə dəstək vermişik. Təbii ki, indi də bizə dəvət göndərərlərsə, müzakirə edəcəyik. Hesab edirəm ki, müzakirədən sonra partiya üzvləri həmin aksiyada iştirak edərlər. Hamımız bilirik ki, Tale Bağırov və digər inanclı insanlar haqsız yerə həbs olunublar. Biz onların tələblərini müdafiə edirik, çalışacağıq iştirak edək”.

Qeyd edək ki, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun hüquqlarını müdafiə edən komitəsi mayın 10-da yaradılıb. Komitədə Namizəd Səfərov, Mirqasım Əliyev, Qurban Məmmədov, Natiq Ədilov, Abuzər Cəfərli, Kənan Rövşənoğlu, Aqil Ələsgər, Arzu Abdulla, Emil Rahiloğlu, Vidadi İsgəndərli və digərləri təmsil olunurlar.

İlkin
Qaynar.info