Müxalifət Elçibəyi doğum günündə necə yad etdi? (FOTO)

Müxalifət Elçibəyi doğum günündə necə yad etdi? (FOTO)

İyunun 24-ü çağdaş Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin doğum günü idi.

Hər il olduğu kimi, bu il də Elçibəysevərlər onun Fəxri xiyabandakı məzarı başına toplaşıblar.  

Amma Bəylə budəfəki görüş əvvəlkilərdən fərqli idi. Bir çox müxalif qüvvələr  bu dəfə Əbülfəz Elçibəyin doğum gününü  birgə qeyd edib. Bu birlik "Bəyaz” Hərəkatın sədri, Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin təşəbbüsü ilə baş tutub. Tədbirdə çıxış edənlər Rəsulzadə-Elçibəy yolunun davamçılarına təşəkkür edərək birlik mesajları veriblər. 

"Bəyaz” Hərəkatın rəhbəri Hürrü Əliyev cebhe.info-ya mövzu ilə bağlı açıqlama verib.
 


Hürrü Əliyev Elçibəy yolunun davamçısı olduğunu deyənlərlə bir ildən çoxdur ki,  müzakirələr aparıldığını və onların hər birinin tədbirə dəvət olunduğunu deyib:

"Bu gün Azərbaycan türkləri qədər əzilən, haqqı tapdanan ikinci xalq yoxdur. Halbuki bizim xalq mübariz, döyüşkən, cəsarətlidir. Sadəcə birliyimiz yoxdur. Bu məsələlərlə bağlı özümüzə şərəf borcu sayırdıq ki, bütün siyasi təşkilatları Vahid Milli Güc İttifaqında birliyə dəvət edək. Bugünkü tədbir də ona doğru atılmış bir addımdır. Biz həm də görmək istədik ki, Rəsulzadə-Elçibəy yoluna iddia edən siyasi liderlərin düşüncəsi bu ideyaya nə qədər bağlıdır. Bu gün bunu da müşahidə etmiş olduq. Biz özümüzü iddialı hesab etmirik. Bu gün də biz arxamızı siyasi partiyalara, təşkilatlara söykəyirik. Onların hər birini böyüyümüz bilirik. Onların hər biri  mübarizə keçmiş şəxslərdir, tərəflərdir. Fəaliyyətlərindən, istiqamətlərindən, siyasi mövqelərindən asılı olmayaraq, bizlərin borcudur ki, birlikdən, bütövlükdən danışırıqsa, heç bir tərəfi seçməyək. Bu, ilkin borcumuz idi və etdik. Çalışırıq ki, hər kəs öz siyasi mövqeyini davam etdirsin, kənarda nə istəyir danışsın, heç olmasa, bir ideya ətrafında  ittifaq yaradaq. Xalq da arxayın olsun ki, heç olmasa, vətən məsələsində güvəndiyi qüvvə var. Amma xalq bütövlükdə ümidsizləşəndə, milli ruhu yüksələ bilməz. Bizim bütün fəaliyyətimiz bu istiqamətə yönəlib. Şəxs və təşkilat olaraq heç bir siyasi məqsədimiz, təmənnamız yoxdur. Bunu bütün siyasi təşkilatlarla görüşlərimizdə, söhbətlərimizdə də demişik ki, siz bir arada olun, biz kənarda da dura bilərik. Heç olmasa, xalq sizi milli, vətən məsələlərində bir arada görə bilsin”.
 


XƏBƏRLƏR
BLOGLAR