Dünya 14:33 03.09.2013

Müxalifətin çevriliş planı ortaya çıxdı

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi müxalifətin prezident Almazbek Atambayevi devirməklə bağlı planlarını ortaya çıxarıb. 

Qaynar.info-nun məlumatına görə, bu barədə Qırğızıstan dövlət televiziyası xəbər yayıb. 

Xəbərdə yayımlanan gizli video görüntüdə avqustun 24-də bəzi müxalifət liderlərinin Narın əyalətində gənclərlə keçirdiyi qurultayda Erlanbek Omuraliyevin müxalifətin iqtidarı devirməklə bağlı planlarını açıqladığı üzə çıxıb. 

Omuraliyev müxalifətin planlarından birinin sentyabrın 8-də Narın əyalətinə gedən Bişkek-Balıkçı yolunun bağlanması ilə başlayacaq "Kuvakı" olduğunu deyib. İddiaya görə, başqa bir qrup isə Narın çayına kimyəvi maddə tökərək balıqları öldürəcək. Balıqçılar da buna görə, İssık-Kul əyalətində qızıl mədəni işlədən kanadalıları günahkar sayacaq və müxalifət də hakimiyyəti ittiham edəcəkdi. 

Müxaliflərin iqtidara qarşı keçirəcəyi mitinqlərdə Hiz-but Təhrir təşkilatının üzvlərindən istifadə edəcəyini deyən Omuraliyev üçüncü planın da olduğunu, amma bundan xəbərinin olmadığını söyləyib. 

Ölkə kəşfiyyatı kanadalıların işlətdiyi Kumtor qızıl mədəninə gedən yolu mayda bağlayaraq ölkədə yeraltı sərvətlərin ədalətli paylaşılmadığını iddia edən qrupun liderləri Bəxtiyar Kurmanov və güləşçi Ermek Cunuşbayevi həbs etmişdi. Həmin şəxslər Kumtor şirkətinin rəhbərliyindən 3 milyon dollar tələb etməkdə ittiham olunublar. 

Prezident Almazbek Atambayev isə verdiyi açıqlamasında, "Qırğızıstanda payızda və yazda hakimiyyəti devirmək cəhdləri olacaq. Sabitliyimizi pozmaq istəyənlər var. Biz buna hazır olmalıyıq. Ad çəkmək istəmirəm. Amma onlar "dinozavr" olduqlarını başa düşmürlər. Onların zamanı bitdi. Hakimiyyətə gəlmək istəyənlər seçkilərə hazır olsunlar". 

Qaynar.info