Siyasət 14:35 06.04.2013

“Müxalifətin vahid birliyini yaratmaq çətindir”

İqbal Ağazadə: "Siyasi qüvvələr arasında qarşılıqlı inamsızlıq və ittihamlar var"

“Seçki ili olduğu üçün müxalifətdə qruplar arasında tez-tez görüşlər keçirilir”.

Bunu Qaynar.info-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə VHP-nin qərargahında təşkil edilən müxalifət partiya sədrlərinin görüşündən danışarkən deyib. 

İ.Ağazadənin sözlərinə görə, bir-birlərini qəbul etməyən, uzun zaman mətbuat səhiflərində savaşan, ittiham edən qüvvələr masa arxasında əyləşib funksional əməkdaşlıq haqqında ən azı danışa bilməsi maraqlı məqamlardandır: “Bu, özü bir göstəricidir, çünki müxalifətin birdən-birə vahid birliyini yaratmaq göründüyü kimi çox çətindir. Siyasi qüvvələr arasında qarşılıqlı inamsızlıq və ittihamlar var. Amma demokratikləşmə uğrunda funksional birliyə hamı razı olacaqsa, bu, irəliyə doğru addım olacaq. Davam edəcəksə, çox yaxşı olacaq. Hesab edirəm ki, görüşün təşəbbüsçüsü professor Hacıbaba Əzimovun da üzərinə iş düşür. Görüşdə hamı funksional əməkdaşlığa razı olduğunu bildirdi”.

Partiya sədri hesab edir ki,  belə görüşlərin intensiv keçirilməsi yanaşmalardan, proseslərdən və təşkilatçılardan asılıdır: “Azərbaycanın siyasi dairələri siyasətə hadisələr fonunda baxırlar. Münasibətlərə də bu fonda baxırlar. Hadisələr gərgin olanda, məsələn, proseslər müxalifətin xeyrinə olan zaman hər kəs təkbaşına hərəkət etməyə üstünlük verir. Başqa şəkildə demokratiya uğrunda kütləvi həbslər və.s  olanda birlik fonunda baxın. Hadisələrin də proseslərə təsiri var”.

Qeyd edək ki, aprelin 5-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) təşkilatçılığı ilə bir sıra müxalifət partiyalarının rəhbərlərinin görüşü keçirilib. Görüşdə VAMBP sədri Hacıbaba Əzimov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, Xalq Partiyasının sədri Pənah Hüseyn, ACP sədri Sülhəddin Əkbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, bəzi ziyalılar və QHT nümayəndələri iştirak edib.

İlkin
Qaynar.info