Ölkə 09:46 26.07.2018

Nabranda iki ana və uşaqları dənizdə necə boğulub? - TƏFƏRRÜAT (YENİLƏNİB)

Xaçmaz rayon, Nabran qəsəbəsində iki ana və övladının dənizdə boğularaq ölməsinin təfərrüatları məlum olub.

Qaynarinfo report-a istinadən  xəbər verir ki, rayonun Palçıqoba kənd sakinləri olan Dadaşova Ruhiyyə Eyvaz qızı, onun oğlu Dadaşov İkram Məmmədyar oğlu, həmçinin baldızı Qocayeva Kamilə İkram qızı və onun qızı Qocayeva Aysel Əfqan qızı Nabran qəsəbəsində dənizə çimməyə gediblər. Lakin 16 yaşlı İ.Dadaşov çimərkən boğulmağa başlayıb. Bunu görən anası, R.Dadaşova oğlunu xilas etməyə çalışıb, ancaq buna nail ola bilməyərək özü də suda boğulmağa başlayıb.

Bu zaman K.Qocayeva qardaşı arvadına və onun oğluna köməklik etməyə çalışıb, lakin boğulmaqda olan şəxsləri xilas etmək onun da həyatı üçün təhlükə yaradıb. Onunla birgə olan qızı A.Qocayeva da onlara köməklik göstərməyə çalışsa da, o da boğulmağa başlayıb. Nəticədə hər iki ana və övladları suda bataraq boğulublar.

Onların dördünün də meyitləri yaxınlarına təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.
 
**** 
Nabranda 4 nəfər dənizdə batıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub. 

Qocayeva Aysel Əfqan qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Qocayeva Kamilə İkram qızının, Dadaşova Ruhiyyə Eyvaz qızının və Dadaşov İkram Məmmədyar oğlunun cəsədləri vətəndaşlar tərəfindən sudan çıxarılıb.
 
**** 
Azərbaycanda bir ailənin 4 üzvü dənizdə boğulub.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq dənizdən çıxarılıb.