Ekonomiks 13:33 12.04.2014

Nabranda yeni otellər tikiləcək - VİDEO

Qaynar.info Regional TV-yə istinadən bildirir ki, Xəzər dənizi və onun boyunca uzanan unikal meşə zolağı Nabranı başqa yerlərimizdən fərqləndirən əsas xüsusiyyətdir.

Burada ən çox çimərlik turizmi inkişaf edib. Rayon mərkəzindən çox da uzaqda olmayan Nabranın adını eşidəndə adamın gözləri önünə ilk olaraq dəniz və çimərliklər gəlir.

Amma bu mənzərini Nabranda yalnız yay aylarında görmək mümkündür. Dəniz nəhəng bir "sağlamlıq vannası"dır. Dənizdə çimmək arterial təzyiqi normallaşdırır, ürək əzələlərinin fəaliyyətini, daxili sekresiya vəzilərinin işini qaydaya salır. Dənizin suyu və qumu ilə yanaşı, havası da xeyirlidir. Qış aylarında turistləri buraya cəlb etmək üçün qiymətlər endirilsə də, bir fayda verməyib. Bundan əlavə, obyekt sahibləri mərkəzlərdə il boyu turist qəbul etmək imkanının olmadığını bildirirlər. Buna əsas səbəb Nabranda münasib infrastrukturun olmamasıdır. 

Xaçmaz Turizm İnformasiya mərkəzindən verilən məlumata görə, yaxın gələcəkdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının, eləcə də Türkiyədən dəvət olunan ixtisaslı mütəxxəsislərin iştirakı ilə Nabran ərazisində bir sıra layihələrin icrasına başlanılacaq. Layihələr çərçivəsində dəniz sahili boyunca yeni, standartlara cavab verən ottellər tikiləcək, köhnələri isə söküləcək. Bundan başqa, həm yerli, həm də xarici turistləri ilin istənilən fəslində qəbul etmək üçün qapalı hovuzlar, əyləncə mərkəzləri inşa ediləcək.