Ölkə 10:54 04.03.2018

Narkoloji Mərkəzdə xəstələr çarpayıya bağlanıbmış? (AÇIQLAMA)

Baş nazirin müavini, Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov mərkəzdə xəstələr çarpayıya bağlanması ilə bağlı xəbərlərə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, komissiyanın sədri bu iddiaları təzib edib:

"Təbii ki, hamımız narkoloji xəstələrin vəziyyətini yaxşı bilirik və fikrimcə, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur. Belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur. Ona görə də belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün olub. Təəssüf ki, bəzi xoşagəlməz məlumatlar yayılır ki, guya xəstələr çarpayılara bağlı olublar, həlak olanların arasında bir həkim də var. Bütün bunların hamısı əsassız fikirlərdir. Burada xəstələrin çarpayılara bağlanmasından və ya başqa belə məsələlərdən söhbət gedə bilməz. Lakin yanğın vaxtı bir həkim dünyasını dəyişib. Ancaq o, xəstəyə baxan həkim olmayıb. Sadəcə müalicə alan xəstələrdən biri 62 yaşlı həkim olub".