Ekonomiks 12:05 09.05.2018

Ekspert: "Neftin qiyməti 80 dolları ötə bilər"

"ABŞ-ın İran anlaşmasından çıxması gözlənilən idi, səbəbi də ABŞ-dan qaynaqlanmır, İsrail bunu istəyirdi ki, İrana qarşı yenidən böyük bir cəbhə formalaşdırsın".
 
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli yazıb. Onun sözlərinə görə, ABŞ və İsrail bölgədə ciddi bir "şiə qurşağının" yaranmasəndan çox narahatdırlar:
 
"Əslində Qərbin İraq və Suriyaya müdaxiləsindən hələlik ən çox udan ölkə məhz İrandır. İraqda ciddi nüfuz sahibi və oyun qurucudur, Suriyada həlledici faktordur, Livanda və Yəməndə siyasi və hərbi gücdür. Yəni, cəmi 10 il əvvəl ancaq öz sərhədləri içinə sığınan İran məhz Qərbin bölgəyə müdaxiləsindən sonra sərhədlərini aşdı, bölgədə güc sahibi oldu, İran-İraq-Suriya-Livan "şiə qurşağı" yarandı. Trampın açıq demədiyi etirazı məhz bunadır, atom anlaşması bəhanədir, İran rahatlıqla həm də Aralıq dənizinə çıxış əldə edib, indi ABŞ və İsrailin məqsədi "şiə qurşağının" həlqələrini qırmaq, İranın Aralıq dənixinə çıxışını önləməkdir".
 

 
N.Cəfərli Avropanın sanksiyalara qoşulmamasının səbəblərini belə izah edib:

"Sual yaranır, bəs Obama nədən bu anlaşmaya getdi? Əslində fəlsəfi-ideoloji səbəblər axtarmaq, Obamanı daha liberal olması ilə bunu izah etmək yetərli deyil. Səbəb başqa idi: Rusiyaya qarşı ilk sanksiya dalğası başlamışdı. Avropa əvvəl bu sanksiyalara qoşulmaq istəmirdi, daha doğrusu, sanksiyaların iqtisadi bölümünə razı deyildi. Çünki 2015-ci ilfə ABŞ-Rusiya ticarət dövriyyəsi cəmi 18 mlrd. dollar, Avropa-Rusiya ticarət dövriyyəsi ilə 420 mlrd. dollar idi. Yəni Avropanın itirəcəkləri qat-qat çox idi, Obama, ABŞ, İran anlaşması ilə Avropanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa təşviq etdi, Rusiya bazarı əvəzinə Avropaya 80 mln. əhalisi və hər şeyə ehtiyacı olan İran bazarını təklif etdi. Son 3 ildə AB ölkələri İranla 300 mlrd. dollardan çox iqtisadi müqavilələr bağlayıblar, Fransa, İtaliya, Almaniya şirkətləri İranla çox yaxşı müqavilələr imzalayıblar - həm hər şey satırlar İrana, həm də böyük enerji layihələrində ortaq olublar. Məhz buna görə Avropa Trampın verdiyi qərara sərt münasibət göstərir və sanksiyalara qoşulmayacağını elan etdilər". 
 
İqtisadçı bildirib ki, ABŞ və İsrail İranı birbaşa vurmayacaq, "hibrit müharibə" Suriyada olacaq, əsas hədəf də "şiə qurşağını" qırmaq, İranı Suriyadan çıxartmaq, İraq və Livanda isə zəiflətmək olacaq:

"İranın ilkin reaksiyası çox ağıllı oldu, 3000 illik dövlətçilik təcrübəsi öz sözünü deyir, amma İran üçün çox çətin dövr başlayır. Trampın bu addımı hələ ki, neft qiymətlərini artırdı və ABŞ-ın düşmən elan etdiyi Rusiya və İran daha çox pul qazanmağa başladı. Neftin qiymətinin 1 dollar artması hər gün Rusiyaya 8 mln., İrana isə 2 mln. dollar əlavə qazanc gətirir. Bir il bundan öncə neftin qiyməti 45 dollar idi, bu gün 76 dollar olub, 50%-dən çox qiymət yüksəlib. Keçən ilin mayına nisbətən Rusiya əlavə günə 250 mln., İran isə günə 62 mln. dollar əlavə (məhz əlavə, yəni qiymət artımına görə gözləntidən əlavə, artıq) pul qazanır". 
 
N.Cəfərlinin proqnozuna görə, gərginlik bir az da artsa neftin qiyməti 80 dolları ötə bilər:

"O zaman ABŞ-ın düşmən elan etdiyi ölkələr daha çox qazanacaq. Neftin qoymətinin artmasının iqtisadi səbəblərə görə olmadığını dəfələrlə demişəm-yazmışam-danışmışam. Sırf hərbi-siyasi gərginliyə görə artan spekulativ qiymətlərdir, deməli dayanıqlı qiymət artımı deyil, gərginlik azalan kimi, qiymətlər də düşəcək. Dünyada olan-bitənlərin iqtisadi məntiqlə izahı mənzərəni daha aydın görməyə kömək edir..."
 
Çingiz