Ekonomiks 15:15 28.04.2015

Natiq Cəfərli yazır: Hökumətin "qazı"

REAL Hərəkatının icra katibi, iqtisadi ekspert Natiq Cəfərli yazır.

Hökumətin "qazı"...

Azərbaycan hökuməti yaxın 5 il üçün bütün ümidlərini böyük qaz proyektlərinə bağlayıb. Dəfələrlə bu haqda yazıb hökuməti ayıltmağa çalışsam da, veclərinə də deyil, hələ yatırlar.

Bu günə məlum olan həqiqətlər: 1) Azərbaycan 2020-ci ildə Şahdəniz-2 yatağından qaz hasıl edərək Avropalı alıcılarına çatdıracaq, 2) Avropaya cəmi 10 mlrd. m3 qaz sata biləcəyik, 3) Şahdəniz-2 layihəsində 20%, TANAP-da 57%, TAP-da 20% paya sahibik, yəni, buna uyğun da investisiya qoymalyıq, 4) Şahdəniz-2, TANAP və TAP layihələrinin ümumi dəyəri 46-48 mlrd. dollardır: TANAP – 12 mlrd. dollar, bizim maliyyələşdirdiyimiz pay – 7 mlrd. dollar, Şahdəniz – ümumi qoyulacaq vəsait 20-25 mlrd. dollar, bizim maliyyə yükümüz – 4-5 mlrd. dollar, TAP – ilik hesablamalara görə 9-10 mlrd. dollar, bizim investisiya payımız – 2 mlrd. dollar – cəmi: biz yaxın 5 ildə 14-15 mlrd. dollar bu 3 layihəyə vəsait qoymalıyıq, 5) Avropa qaz bazarının perespektivlərinə baxdıqda görürük ki, yaxın 5 il çox rəqabətli, təkliflərin artdğı bir bazar olacaq, yaxın 5 ildə Avropa üçün yeni qaz mənbəyi Azərbaycandan başqa İran, İraq, İsrail, Kipr, Rumıniya, Bolqariya hətta ABŞ və Avstraliya da olacaq. Dünyada sıxılmış qazın takkerlərlə asan və ucuz daşınması dövrü başlayıb ki, artıq qazın boru xətlərindən asılılığı dövrü arxada qalır. Başqa sözlə, bazarda rəqabət artdıqca, təbii olaraq qiymətlər də enəcək: 2020-ci ildə Avropada qazın hər 1000 m3 ortalama qiyməti 250 dollar olacağı proqnozlaşdırılır, 6) Bu hasablamalar və gözləntilərlə Azərbaycan 2020-ci ildə Türkiyəyə 6 mlrd. m3, Avropa isə 10 mlrd. m3 qaz satacaq ki, bunun da dəyəri 3,5-4 mlrd. dollar olacaq, bu məbləğdən qazın hasılatının maya dəyərini, tranzıt xərclərini, müqavilə iştirakçılarının pay bölgünüsü çıxandan sonra ölkəmizə qazdan ildə 2 mlrd. dollar vəsait qalsa, böyük iş olacaq. Bu isə o deməkdir ki, 2020-ci ildən sonra hələ 8-9 il (ən yaxşı halda) Azərbaycan öz qoyduğu vəsaitin geri dönüşünü təmin edəcək, 2028-ci ildən sonra qazanc götürməyə başlayacaq. Ciddi futuroloji alimlərin hesablamalarına görə, 2028-2030-cu illərdə Avropa öz enerji təminatının 60%-ə yaxınını alternativ mənbələrdən (günəş, külək, dəniz, okean, bioyanacaq) alacaq. Yəni, o zaman qazın qiymətinin daha da enəcəyini proqnozlaşdırmaq mümkündür.

Yazdıqlarımın əyani sübutu kimi 3 gün əvvəl dünya qaz bazarında səs gətirən bir məlumatla sizi tanış edim: Qara dənizin Rumınıyaya aid olan hissəsində Eхxon Mobile şirkəti tərəfindən yeni yataq – “Domino” yatağı kəşv edildi. İlkin hesablamalara görə bu yataqdan illik hasilat 42-85 mlrd. m3 arası ola bilər, yəni tək Rumıniya yaxın 3-4 ildə “Domino” yatağından Avropaya ildə, ortalama, 50-55 mlrd. m3 qaz verə biləcək ki, bu da Azərbaycanın imkanlarından 5 dəfə çoxdur. 

Bundan əlavə İran sanksiyalardan sonra yaxın 5 ildə Avropaya ildə 40-45 mlrd. m3, İraq 15-20 mlrd. m3 qaz çıxara biləcəyini elan edib. İranın potensialı ildə, ümumiyyətlə 100 mlrd. m3-ə qədər qaz satmağa çatır. Hətta İsrail və Kipr də yaxın 5 ildə birlikdə Avropa bazarına 25 mlrd. m3-ə yaxın qaz çıxarda biləcəyini elan ediblər. ABŞ isə artıq 2016-ci ildə Atlantika sahilində tikilib hazır olan terminallarından gəmi ilə İspaniya və Fransa ərazisində artıq fəaliyyət göstərən terminallara qaz daşımağa başlayacaq.

Bir sözlə, bizim tənbəl hökumətimiz artıq neftdən də, qazdan da əlini üzməli, normal idarəetmə sisteminə keçidə start verməlidir, yoxsa çox gec olacaq, ən böyük zərbəni də özləri alacaqlar...

Qaynar.info