Mədəniyyət Nazirliyi nazir Əbülfəs Qarayevin ADO teatrı ilə görüşünü hər dəfə təxirə salır. Teatr bununla bağlı ictimaiyyətə məlumat yayıb: 

Biz ADO teatrı olaraq bir müddət bundan öncə nazirin özü ilə birbaşa görüş istəmiş və bir neçə məsələnin müzakirəsini edəcəyimizi bildirmişdik. Hətta bununla bağlı teatrdan nazirliyə rəsmi məktub da göndərilib. İlk əvvəllərdə teatrın rəhbərinə nazir müavinləri ilə görüş təklif olunsa da teatrın rəhbəri bundan imtina etmişdir. Bundan sonra Mədəniyyət Nazirliyi bildirmişdi ki, nazir Əbülfəs Qarayev ilə birbaşa görüş olacaq. Hətta builki prezident seçkiləri öncəsi nazir müavini ADO teatrına zəng edərək görüş vaxdını bildirmişdir. Daha sonra görüşə bir neçə saat qalmış yenidən teatra zəng olunub və görüşün başqa günə keçirildiyi bildirilmişdir. Və belə-belə görüş günləri təxirə salınmaqda davam edib.

ADO nazirlə nəyi müzakirə etmək istəyir?

Bildiyiniz kimi ADO dəfələrlə basqı ilə üzləşib. Həmçinin teatrın proyektlərinin baş tutması üçün müxtəlif qurumların əngəlləri üzə çıxır. Bu əngəllər aradan qalxmadıqca teatrın inkişafında müxtəlif problemlər özünü göstərir. Bildiyiniz kimi ADO küçədə incəsənət festivalı keçirmək istəyir. Eyni zamanda ölkəmizdə küçə tamaşalarının hazırlanması üçün addımlar atırıq. Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət Nazirliyinin yazılı rəyini istəyir. Lakin nazirlik bu yazılı icazəni verməkdən imtina edir. Eyni zamanda nazirlik teatrın "Hamam” adlı performansının küçədə nümayiş etdirilməsinə qadağa qoyub. Nazirlik bunu "aktrisa üzərinə su töktü, paltarı bədəninə yapışdı” kimi zah etmişdi.

Biz ölkəmizin ilk müstəqil teatrı olan ADO`nun və bununla ölkə mədəniyyətinə təkan verəcək inkişafın baş tutmasında israrlıyıq. ADO küçə performanslarının təşkilinə şərait yaradılmasını, müstəqil qurumlarla reklam əməkdaşlığına hər hansı maneələrin törədilməməsini istəyir. Biz nazir Əbülfəs Qarayevdən hər hansı imtiyaz, maddi dəstək, ev və.s istəmirik. Biz ölkə mədəniyyətinin inkişafına verəcəyimiz töhfənin qarşısının alınmamasını, vətəndaşı olduğumuz ölkənin küçələrindən öz proyektlərimizin, performanslarımızın baş tutması üçün istifadə etmək istəyirik. Küçə sənətinin inkişafının ölkə turizminə də müsbət təsir edəcəyinə inanırıq. ADO öz proyektlərinin gücünə inanır və bu proyektlərə qarşı əngəllərin aradan qaldırılmasını tələb edir. Biz düşünürük ki, nazir Azərbaycan Respublikasının vətəndaşları və ölkənin ilk müstəqil teatrının əməkdaşları kimi bizimlə görüşməli və bütün problemlərin həlli üçün addımlar atmalıdır. Çünki bu görəv bir mədəniyyət naziri kimi Əbülfəs Qarayevin üzərinə düşür. Biz düşünürük ki, nazirlik əməkdaşlarının bizə qarşı qərəzli addımlarında da birbaşa nazir məsuliyyət daşıyır və bizim dəfələrlə etdiyimiz açıq müraciətlərimizdən dolayı nazir bu problemləri həll edə bilərdi. Lakin Əbülfəs Qarayev hələ də susur!