Ölkə 11:02 23.05.2019

Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!”

Dünyanın müxtəlif muzeylərində Azərbaycana məxsus bir çox milli mədəniyyət, incəsənət, ədəbiyyat nümunələri saxlanılır. Xüsusilə tarixi özündə əks etdirən xalçalarımıza dünya muzeylərində daha çox rast gəlmək mümkündür. Gürcüstanda Azərbaycan xalçaları ilə bağlı böyük kolleksiya var. Türkiyənin Əsgəri Muzeyində də Şirvanşahlar dövrünə aid olan qılınc, dəbilqə geyim və sair əşyalar sərgilənir.

Təəssüüf ki, dünyanın bəzi muzeylərində nümayiş etdirilən həmin eksponatlar bir sıra hallarda Azərbaycana aid olmayan əşya kimi təqdim olunur. Məsələn, "Ermitaj” muzeyində Azərbaycan eksponatlarını İrana bağlayırlar.

Maraqlıdır, dünyanın müxtəlif muzey və kolleksiyalarında saxlanılan Azərbaycanın milli mədəniyyət və incəsənət nümunələrini ölkəmizə gətirə bilərikmi?

Bununla bağlı hansı işlər görülməlidir?

Mədəniyyət Nazirliyi, xaricdəki səfirliklərimiz, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana aid olan mədəniyyət, incəsənət, ədəbiyyat nümunələrinin ölkəmizə gətirilməsi mümkün ola bilərmi?

Mədəniyyət naziri Əbülfəs Qarayev Modern.az-a açıqlamasında dünya muzeylərində saxlanan eksponatların ölkəyə gətirilməsinə heç də müsbət tərəfdən baxmadığını vurğulayıb:

"Dünyanın istənilən ölkəsində Azərbaycana aid olan tarixi-mədəniyyət və incəsənət nümunələri var ki, onların Azərbaycana məxsusluğu qeyd olunmalıdır. Dünya muzeylərində saxlanan mədəniyyət və incəsənət nümunələrini Azərbaycana gətirməyin bizə nə xeyri var?! Bu zaman ölkəmizə gətirib həmin eksponatları saxlamaqla nə qazanacağıq?! Əsas odur ki, mədəniyyət və incəsənət nümunələrimiz xarici muzeylərdə saxlansın və dünya xalqları da xalqımızın zəngin mədəniyyətə malik olduğunu görsünlər”.

Əbülfəs Qarayev dünyanın bəzi muzeylərində Azərbaycana aid olan nadir eksponatların İranın adına bağlanmasına da toxunub:

"O istiqamətdə iş aparırıq. Dünyanın müvafiq muzeyləri ilə əlaqə saxlayırıq. Mütəxəssislərimizi göndərmişik, məsələni araşdırırlar. Harada anlaşılmazlıq varsa, dərhal həll edirlər”.

Mədəniyyət naziri həmçinin dünya muzeylərində qorunub saxlanan bəzi əşyaların sığortalanması istiqamətində işlərin aparıldığını da əlavə edib.