Ekonomiks 12:45 15.02.2019

Nazir: “Təqaüd alan tələbələrin sayı 16 min nəfər artırılacaq”

"Prezidentin sərəncamına əsasən martın 1-dən təqaüd alan tələbələrin sayı 16 min nəfər artırılacaq”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu da tələbələrin sosial müdafiəsi, keyfiyyət göstəricilərinin artması baxımından vacib addım hesab edilir: "Bütün təhsil pillələrində nəzərdə tutulmuş təqaüdlərdə orta hesabla 20 faizlik bir artım var. Bu artım 110 mindən artıq tələbə kontingentini əhatə edir. Artım məbləği 25 milyon manat maliyyə tutumunu təşkil edir".

Onun sözlərinə görə, təqaüd almaq hər bir tələbənin istəyidir: "Daha yüksək təqaüd almaq üçün can atmaq lazımdır. Əvvəlki illərlə müqayisədə rəqabətlilik mühiti bu gün də var. Bu gün artım nəticəsində akademik göstəriciləri yüksəl olan tələbələrin təqaüdü 130 manatdır. Təqaüd bütün ali təhsil müəssisələrinə şamil ediləcək. Yəni özəl ali məktəblərdə oxuyan və akademik göstəriciləri yüksək olan tələbələr də artımla olan vəsaitləri ala biləcəklər".

Nazir deyib ki, 2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək. Onun sözlərinə görə, Təhsil Nazirliyi bu sahəyə aidiyyəti olan qurumlarla birlikdə intensiv hazırlıq işləri görüb və işlər bu gün də davam etdirilir: "Bilirik ki, bu proses o qədər sadə deyil. Çünki tələbə kredit sistemi gələcəyə hədəflənməli, bu sahədə işlək sistem qurulmalı, hərtərəfli işlənmiş qanunvericilik bazası yaradılmalıdır. Biz başa düşürük ki, tələbə kreditləri adi kreditlərdən fərqli şəkildə verilməlidir. Həmin sistem qurulan zaman beynəlxalq təcrübəyə əsaslanılmalıdır. Bu işdə hər zaman dövlətin dəstəyi olmalıdır”.

C.Bayramov qeyd edib ki, tələbə krediti məsələsi üzrə yaradılan İşçi qrup aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə fasiləsiz iş aparır: "Ümid edirəm ki, yekun layihə yaxın zamanlarda hökumətə təqdim ediləcək”.  

Nazir bildirib ki, 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərlə bağlı sənədi Nazirlər Kabinetinə təqdim etmişik və sənəd təsdiq olunma mərhələsindədir. "Ötən il dövlət sifarişli yerlərin sayı 12324 olub, növbəti tədris ili üçün isə 20 500 yerə kimi artırılması planlaşdırılır. Yaxud da bir il ərzində dövlət sifarişli yerlərdə 65 faizdən artıq artım görürük. Hesab edirik ki, növbəti illərdə də müsbət tendensiya davam edəcək”.

C.Bayramov qeyd edib ki, yalnız növbəti ilin proqnoz yerlərindən danışılırsa, dövlət sifarişli yerlərin sayı 42% müəyyən edilib: "2018-2019-cu tədris ili üçün bu rəqəm 30%-dən az idi. Bu da bir il ərzində əlavə sifarişli yerlərin olması deməkdir. Məqsəd dövlət vəsaiti hesabına təhsilin müxtəlif istiqamətlərində gənclərə ali təhsil imkanının verilməsi və bunun genişləndirilməsidir”.
 
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamına əsasən, 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq. Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 30 faiz artacaq.