Foto 14:28 11.05.2018

Nazir təyin edilən Muxtar Babayev daha bir vəzifəsindən istefa verdi (FOTOLAR)

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Qaynarinfo xəbər verir ki, assosiasiyanın inzibati binasında təşkil olunan tədbirdə Azərbaycan milli komandası barədə baş məşqçi Qurban Qurbanovun qısa hesabatı dinlənilib.

Ardınca lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olunub.

Komitə üzvləri müzakirələrdən sonra aşağıdakı qərarları qəbul edib:

Topaz Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionat davam etdirilsin. 2018/19 mövsümündən etibarən əvəzedici komandanın oyunu əsas komandanın oyunundan 1 gün əvvəl keçirilsin.

Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limit aşağıdakı qaydada tətbiq olunsun: 1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-99-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunsun.

AFFA-nın baş katibliyi I divizionla bağlı İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etsin.

AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri Muxtar Babayevin istefası qəbul olunsun. AFFA-nın növbəti Konfransına qədər Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.

Qeyd edək ki, Muxtar Babayev bir neçə gün əvvəl prezident İlham Əliyev tərəfindən ekologiya və təbii sərvətlər naziri təyin edilib. Bundan sonra o, "Sumqayıt"ın Müşahidə Şurasının sədri vəzifəsindən istefa verib.