Ölkə 11:12 08.02.2014

Nazirlər Facebookda nə iş görür? - ARAŞDIRMA

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Facebook”da səhifə yaratmasından sonra, “Dövlət məmurlarından daha kimlərin “Facebook” hesabı var?” sualı maraq kəsb etdi. 

Onlar həmin hesabda nədən yazır, nə qədər izləyiciləri, dostları var? Və yaxud, nələri və kimləri "like" edirlər? Sosial şəbəkələrdə insanlar əsasən həyatlarında baş verən yeniliklər, dostları, ailəsi ilə keçirilən gözəl günlər, gəzib gördükləri və ya bəyəndikləri şeyləri dostları ilə paylaşırlar. Bəs bizim dövlət rəsmiləri “Facebook”dan necə istifadə edirlər? "Bizim Yol" qəzeti sosial şəbəkələrlə maraqlanan məmurları araşdırıb. 

Öncə bildirək ki, prezident İlham Əliyevin adına “Facebook”da bir xeyli səhifə var. Səhifələrin əksəriyyətində onun fəaliyyəti ilə bağlı paylaşımlar edilib. Bu materialların hamısı president.az saytına istinadən verilib. Səhifələrin birində sonuncu material fevralın 4-də yerləşdirilib. O da Prezidentin Qara Qarayevin abidəsinin açılışında iştirak etməsi ilə bağlı xəbərdir. 

Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya aid səhifədə onunla bağlı xəbərlər, statuslar, videolar, şəkillər var. Səhifəni 106.890 nəfər bəyənib. Paylaşılan sonuncu status Prezident İlham Əliyevin və özünün Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün fevralın 6-da Rusiyaya səfər etməsiylə bağlıdır. 

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yeni yaradılmış səhifəsinin artıq 9.854 izləyicisi var. Sonuncu statusu isə ölkə başçısı İlham Əliyevlə bağlıdır. 

Fövqəladə Hallar Naziri (FHN) Kəmaləddin Heydərovun da “Facebook”da səhifəsi var. O, səhifəsində özü və nazirliyin fəaliyyəti ilə bağlı məlumatlar yayır. “Facebook”a 2012-ci ildən qoşulub. Sonuncu paylaşımı FHN-in təlimləri ilə bağlı youtube videosudur. 

Xarici işlər naziri Elmar Məmmədyarov isə 2013-cü ildən qoşulub “Facebook”a. Gənclər və idman naziri Azad Rəhimovun “Facebook”dakı səhifəsi 2740 nəfər tərəfindən bəyənilib.  Səhifədə nazirliyin fəaliyyəti bağlı olan xəbərlər, tədbirlər haqda məlumatlar var. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun “Facebook”dakı səhifəsi 1563 nəfər tərəfindən bəyənilib. Səhifədə nazirliyin fəaliyyəti ilə bağlı xəbərlər, təbriklər yer alıb. Edilən maraqlı paylaşımlardan biri isə Lütfi- Zadənin doğum gününə həsr olunmuş xəbərdir.

Millət vəkili Fazil Mustafanın “Facebook”da 4357 dostu var. Profil 2816 nəfər tərəfindən izlənilir. Səhifədə Fazil Mustafanın şəkilləri, gündəlik xəbərlər yer alıb. Profildə daha çox ədəbiyyatla bağlı yazılar diqqət çəkir. 

Millət vəkili Aydın Mirzəzadənin isə 5000 dostu var. Profildə şəxsi və fəaliyyəti ilə bağlı olan fotolar yer alıb. Aydın Mirzəzadənin etdiyi sonuncu paylaşım Berlində kitab abidəsi ilə bağlıdır. Millət vəkili Qənirə Paşayevanın “Facebook”da 4969 dostu və 29.880 izləyicisi var. Səhifədə onun fəaliyyəti ilə bağlı olan şəkillər və xəbərlər yer alır. Deputat Adil Əliyevin 4997 dostu və 619 izləyici var. O sonuncu dəfə “check in” edərək Hilton oteldə olduğunu qeyd edib. Millət vəkili İqbal Ağazadə “Facebook”da 4 426 nəfərlə dostluq edir. Onun 700-dən çox izləyicisi var. O, profilində siyasətlə bağlı xəbərlər paylaşıb. Sonun etdiyi paylaşım “Azərbaycanda yeni siyasi təsisat” başlığı altında olub. Millət vəkili Sabir Rüstəmxanlıya aid olan profil 229 şəxs tərəfindən izlənilir. Onun profilində daha çox başqaları tərəfindən paylaşımlar edilib. Özünün sonuncu etdiyi paylaşım 2013-cü ilin noyabrında olub. Deputat Zeynəb Xanlarovaya aid olan səhifə 2011-ci ildən fəaliyyət göstərir. 1503 nəfər tərəfindən bəyənilib. Paylaşımlar Zeynəb Xanlarovanın ifa etdiyi mahnılardan ibarətdir.  

Qaynar.info