Ekonomiks 21:58 03.08.2018

Nazirlik: Azərbaycanda "nəqliyyat güzəşti" nəzərdə tutulmur

İctimai nəqliyyatda gediş haqları 50 faiz artırıldı. Qeyd edək ki, ölkəmizdə bir qrup şəxs nəqliyyat, kommunal və digər xidmətlərə görə, müavinət alırlar. 

Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsinin üzvləri də müavinət alanların arasındadır, eləcə də, əlilliyi olan uşaqlar üçün də nəqliyyatdan istifadəyə görə müavinət ayrılır. 

Bəs, bu müavinətlərin artırılması nəzərdə tutulurmu?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininn mətbuat katibi Fazil Talıbov cebhe.info-ya açıqlamasından hələ ki, bu məsələnin gündəmdə olmadığı məlum olub. 

Bununla belə nazirlik sözçüsü şəhid ailəsi üzvlərinin dövlətin diqqətində olduğunu bildirib: 

"Şəhid ailələrinin sosial müdafiəsi daim diqqətdə saxlanılmaqla, bu istiqamətdə müvafiq addımlar atılır. Prezidentin müvafiq Fərmanı ilə şəhid ailələri 2007-ci ilin əvvəlindən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. Ötən dövrdə bu təqaüdün məbləği 2,4 dəfə artırılaraq 242 manata çatdırılıb. Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı da müəyyən əlavə üstünlük verilməklə, şəhid ailəsi üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların müasir tələblərə cavab verən yeni mənzillə təmin edilməsi istiqamətində də işlər aparılır. Digər tərəfdən, şəhid ailələrinin övladlarının respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.

Fazil Talıbovun sözlərinə görə, ölkənin əmək və məşğulluq sahəsində qanunvericiliyində şəhid ailəsi üzvləri üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb: 

"Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlər üçün 12 manat aylıq sosial müavinət də ödənilməklə bərabər, şəhid ailələrinin uşaqlarının da hər birinə aylıq sosial müavinət verilir. Cari ilin fevral ayında dövlət başçısının imzaladığı Sərəncamla həmin uşaqların hər biri üçün ödənilən müavinət də artılaraq 21 manata çatdırılıb”.