Ölkə 18:17 12.01.2019

Nazirlik donuz təsərrüfatlarını yoxlayır

Xüsusilə Gürcüstana yaxın yerləşən bölgələrdə donuz təsərrüfatı ilə məşğul olan kənd sakinlərinin təsərrüfatına baxış keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, nazirlik yanında Dövlət Baytarlıq Xidməti Qax rayonunun Qaxingiloy kənd sakini Papiaşvili Zuraya məxsus 10 baş, Əlibəyli kənd sakini Şioşvili Aludaya məxsus 15 baş donuz saxlanılan təsərrüfatlarda olublar.

Baytarlıq mütəxəssisləri təsərrüfatlarda saxlanılan donuzlara kliniki baxış keçiriblər. Kliniki müayinə zamanı donuzların heç bir infeksion xəstəliyin əlamətləri aşkar edilməyib. 3 aydan yuxarı donuzlarda qarayara xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Həmçinin donuzlar saxlanılan ərazilərin mexaniki təmizliyindən sonra 430 kvadratmetr sahədə profilaktik dezinfeksiya və dezinseksiya işləri icra edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.