Ölkə 11:22 19.07.2018

Nazirlik reyd keçirdi: 1700 manatlıq cərimə

Qanunsuz ov edən şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıblar.

Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən reyd keçirilib.

Reyd zamanı Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ova cəhd edən Masallı rayon sakini Şahmar Kərimov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi və 6 ədəd patron götürülüb. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və 1000 manat məbləğində cərimə tətbiq olunub.

Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı isə qanunsuz balıq ovu ilə məşğul olan Biləsuvar rayon sakini Vüqar Qiyasov saxlanılıb. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, 700 manat məbləğində cərimə edilib.