İdman 20:48 26.10.2013

Nazirlik yarışları davam etdirir

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi silsilə idman yarışlarına davam edir. 

Qaynar.info-nun məlumatına görə, 21-25 oktyabr tarixlərində keçirilən voleybol çempionatına yekun vuruldu. 

FHN-nin qurumlarından 17 komanda ilə 200-ə yaxın idmançı voleybol çempionatında iştirak etdi. Püşkatmanın nəticəsində komandalar 4 qrupa bölünərək mübarizəni davam etdirdilər. Hər qrupdan ən yaxşı nəticə göstərən 2 komanda 1/4 finala vəsiqə qazandı. 1/4 finala keçən 8 komandadan yalnız dördü: Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX), Dövlət Yanğına Nəzarət Xidməti (DYNX), Dövlət Yanğından Mühavizə Xidməti (DYMX) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) yarı finalda yarış üçün haqq qazandılar. 

25 oktyabrda üçüncülük uğrunda DYNX-DYMX arasında gedən gərgin mübarizəni 2:0 hesabı ilə DYNX qazandı. Baş hakim Səbuhi Əliyev, eləcə də Kübra Mikayılova, Səadət Həsənova, Fuad Əliyev, Azər Sadıqovun hakimlik etdiyi yarışların final mərhələsində TTNDA və XRXX qarşılaşdı. 3:1 hesabı ilə üstünlüyü ələ alan TTNDA 5 gün davam edən yarışın qalibi oldu. Fərqələnən ilk 3 komanda kubok, medal, fəxri fərman və hədiyyələrlə təltif olundu. 

Ümumilikdə FHN-nin qurumları arasında 4-cü dəfə keçirilən voleybol yarışına fəxri qonaqlar qismində AR Milli Karate Federasiyasının vitse prezidenti Rəhman Hətəmov, XRXX rəis I müavini, general-mayor Məhərrəm Həsənov, FHN Akademiya rəis müavini Qəzənfər Bağırov Gənclər və İdman Nazirliyinin nümayəndəsi Kamran Ələkbərov, həmçinin 4 qat dünya və 11 qat avropa çempionumuz Rafael Ağayev və dünya çempionatının gümüş mükafatçısı, şərq döyüş növlərinin ümumdünya oyunlarının qalibi, avropa çempionumuz Şahin Atamov dəvət olunmuşdu. 

Qonaqlar qalibləri mükafatlandırıb və onlara müvəffəqiyyətlər arzulayıb. FHN İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan çoxnövçülük və güləş yarışlarının da cari ilin sonunadək keçiriləcəyini qeyd edib.

Qaynar.info