Ölkə 18:59 08.01.2013

Nazirliyin əməkdaşları sürücünü döydü

30 yaşlı kişinin gözü zədələnib, sol almacıq sümüyü yerini dəyişib, üz və burun sümükləri sınıb

Bu gün saat 11:30 radələrində Bakının Binəqədi rayonunda, Bakı Beynəlxalq Avtovağzalının ərazisində 30 yaşlı kişi Nəqliyyat Nazirliyinin 5 əməkdaşı tərəfindən möhkəm döyülüb. Bu barədə döyülən şəxsin qohumu Aydın Cahangirov ANS PRESS-ə şikayət edib.


Onun sözlərinə görə, “Mercedes” markalı 10 İR 196 dövlət nömrə nişanlı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Rasim Nazim oğlu İsmayılov maşını Bakı Beynəlxalq Avtovağzalın əraziisndə saxlayıb. Maşında sərnişi qismində oturan anası və qardaşının arvadını rayona yola salmaq üçün maşından düşüb. Bu zaman onlara özünü Nəqliyyat Nazirliyinin müfəttişi adlandıran bir neçə nəfər yaxınlaşıb. Onlar Rasim İsmayılovdan sənədləri tələb ediblər. "Rasim onların kimliyini təsdiq edən sənəd tələb etdikdə, onlar bundan imtina ediblər. Rasim də onlara sənəd verməyəcəyini bildirib. Bunun nəticəsində özlərini nazirlik əməkdaşı kimi qələmə verən şəxslər Rasim İsmayılovu möhkəm döyüblər. Hadisə yerinə Bakı şəhər Təcili və Tbbi Yardım Stansiyasının 17-ci bölməsindən həkimlər gəlib".