Siyasət 12:17 12.07.2013

“Nə İbrahimbəyov, nə prezidentlik, bunların hamısı nağıldı” - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Rəhmətlik Elçibəy deyirdi ki, Çini almağa nə var ki?”
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Cavanşir Paşazadənin Qaynar.info-ya müsahibəsi:
- Cavanşir müəllim, son illərdə parlamentdə xeyli qanun qəbul edilib. Əgər bir çox hallarda yerinə yetirilmirsə, o zaman bu qanunların qəbul olunmasının əhəmiyyəti nədən ibarətdir?
- Parlamentdə son 10 ildə dövlətin ən mühüm qanunları qəbul olunub. Bu qanunların hamısı xalqa xidmət edir. Fikrimcə, bu illər ərzində qəbul olunmuş qanunlar dövlət üçün də çox əhəmiyyətlidir. 
- Bəzi qanunların qəbulu narazılıqla qarşılanır, hətta bəzi deputatlar onların etirazlarına baxılmamasından şikayətçidirlər.
- Təbii ki, narazı tərəf olmalıdır. Ola bilər, belə qanunların qəbulu kimlərəsə sərf etmir, kimlərsə buna uyğunlaşa bilmir. Bəzən deyirlər, qanunların qəbulu sifarişlə yerinə yetirilir. Qanunlar dövlət, xalq üçün qəbul olunur. Bilirsiz ki, xalq da bundan razıdır. İstər müxalif, istərsə də iqtidar yönlü deputatlar fikirlərini bildirə bilərlər, bu məsələdə azaddırlar. Onlar etirazlarını bildirsələr də, qanunlar qəbul olunur. Çünki 10-15 deputat qanunun əleyhinə səs verirsə, 110 deputat leyhinə səs verir. Onlar öz fikirlərində qala bilərlər. 
- Bir neçə gün öncə Şeyxülislam Allahşükür Paşazadə dindarlara xəbərdarlıq etdi, məsuliyyətsiz axundların cəzalandırılacağını dedi. Seçki ilində bunun hansısa siyasi məqamdan xəbər verdiyini iddia edənlər də var. Sizcə, bunlar doğrudurmur? 
- Deputat seçildiyim bölgə dindar bölgə olduğu üçün şeyxin dediklərini bölüşürəm. Təbii ki, Şeyxin dedikləri xalqa xidmət etməlidir. Onun tapşırıqları təbii qarşılanmalıdır. Amma burada siyasi çalar axtarmaq düzgün deyil. 
- Axı şeyx çıxışında qeyd etdi ki, kimlərsə iftar süfrəsindən öz maraqlarından istifadə etməyə, hansısa kampaniya aparmağa cəhd etsələr, bunun qarşısı alınacaq. Bu, necə müəyyən ediləcək? Belə çıxır, hansısa müxalifətçi iftar süfrəsi verə bilməz?
- Bu, siz dediyiniz kimi deyil. Bunu “hansısa müxalifətçi iftar süfrəsi verəcək və həmin iftar süfrəsində fikirlərini yeridəcək” kimi qəbul etmirəm. Müxalifət belə bir addım atarsa, inanmıram, kimsə bir qarın çörəyə görə yolundan dönsün. Ola bilər, insanların 5%-i bunlara inansınlar, amma 95% öz mövqeyində qalacaq. Digər məqamlardan biri də odur ki, Oruc tutan adam gərək həqiqəti danışsın, müxalifət olmur, nə olur olsun, dilinə yalan gətirməməlidir. 
- Seçkilər ərəfəsində dindarlardan vasitə kimi istifadə oluna bilərmi?
- Ölkədə bir neçə təriqət var. Bu da təbiidir. Bütün ölkələrdə bu var. Azərbaycan vətəndaşları Avropada, Amerikada oxuyur, yəni ölkə müasirləşir. Bu zaman dinlə bağlı hansısa dəyişikliklərin olması təbii qarşılanmalıdır. Sadəcə, biz Sovet dövründə yaşamışıq deyə dəyişikliklərdən xəbərsiz olmuşuq. Seçkilər zamanı dindarlardan istifadə oluna bilməz. Burada dini rəhbər deyil, dövlət başçısı seçilir. Hansısa təriqətə qulluq etməyindən asılı olmayaraq Azərbaycan vətəndaşları seçkidə iştirak edəcəklər. Fikrimcə, heç bir qarşıdurma ola bilməz. 
- Hazırda ölkədəki siyasi ab-havanı necə qiymətləndirirsiz?
- Ölkədə normal siyasi ab-hava var. Mətbuat Turanda, Ərdəbildə, Rusiyada baş verənlərdən yazır. Bunlar da təbiidir. İş olan yerdə söz-söhbət, tənqid olar. Ölkədə mənfi ab-hava görmürəm. Siz ölkədə hansısa mənfi ab-hava görürsünüzsə, deyin. Məsələn, deyə bilərsinizmi dünən 5 gənc bulvarda etiraz aksiyası keçirib? Ölkədə belə şey olmayıb axı. Ona görə ki, ölkədə inkişaf var və hamı bu tərəqqidən razıdır. Düzdür, əvvəllər həftənin şənbə-bazar günləri ara-sıra aksiyalar olurdu. Bilirsiz ki, həmin aksiyalara da bir qrup insan 8-10 yaşlarında uşaqlara pul verib, gətirdilər. Bunlar süni şəkildə təşkil olunan aksiyalar idi. Uşaqlara 5-10 manat verirlər ki, etiraz etsinlər. 8 yaşında uşaq nə bilir demokratiya, dövlət, siyasət nədir. Yəni mən bundan artıq narazılıq görməmişəm. 
- Sizcə, ölkədə narazılıq yoxdur?
- Narazılıq başqa şeydi. Tutaq ki, bir ailədə 5 nəfər varsa, onların hər biri nədənsə narazıdır. Biri var dövləti istəməyəsən, yəni dövlətdən narazı olasan, biri də var dövlət məmurundan narazı olasan. Düzdür, ölkənin bəzi yerlərində icra strukturlarının süründürməçiliyi var. Belə vəziyyətlərdən narazı qalanlar var. Bütün bunlar iqtidar qəzetlərində də öz əksini tapır. Dövlət başçısının apardığı iclaslarda da bu məsələlər diqqətdə saxlanılır. Mən ölkə əhalisinin 96-97%-nin iqtidarın apardığı siyasətdən narazılığını görmürəm. 
- Etiraf edək ki, ölkədə sosial narazılıq var. Sosial rifah da elə birbaşa siyasətə bağlı deyilmi?
- Problemlərin 80%-i sosialdır. Bəzən insanlar özlərinə problem yaradırlar. Məsələn, Azərbaycanda sosial problemi olan bir ailəyə gedək, o ailədə 5 nəfər varsa, 8 mobil telefonları var. Həmin 8 telefona minimum danışıq haqqı 20 manat yükləsələr, ayda 160 manat pul edir. Bu qədər pula 16 kiloqram ət almaq olar. Mən daxili iqtisadiyyatımı evimdə qura bilmirəmsə, hansı sosial problemlərdən danışa bilərəm. Elə insanlar var ki, ona ailəsini dolandırmaq üçün nə qədər pulun lazım olmasını bilmir. Həmin adamlara 5000 min manat da pul versən, yenə də kasıb yaşayacaqlar. İnsanlar öz daxili iqtisadiyyatlarını qurmağı bacarmalıdırlar. Ataların bir sözü var: "Yarım arpası olmayan bir arpanın qədrini bilməz". Yəni elə insanlar özlərinə təməl yarada bilmirlər. Amma həqiqi sosial problemləri olanlar da var. Neçə-neçə insan var ki, ailəsini atıb. Belə olan halda köməksiz qalan ailə sosial problemlərdən əziyyət çəkir. Bu problemlər ailə daxilində yaranıb, amma dövlətin öhdəsinə buraxılıb. 
- Bildiyiniz kimi ölkədə seçki ilidir və müxalifət düşərgəsində aktivləşmə müşahidə olunur. Müxalifət cəbhəsi Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb. Buna münasibətiniz necədir?
- Bu gün cənab prezidentin apardığı işlərin yanında bizim apardığımız işlər nöqtə boyda da deyil. Bu nöqteyi-nəzərdən deyə bilərəm ki, Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd kimi irəli sürülməsi anlaşılan deyil. Onu bir ağsaqqal kimi, dramaturq kimi görmək olar, amma prezidentliyə namizədliyinin irəli sürülməsi gülüncdür. Tutaq ki, hansısa şeytan əməli oldu, bu insan prezident seçildi. Bu adam bilirmi sabah nə edəcək? Bilmirsə, bu adamdan nə gözləmək olar? Mən belə şeyi qəbul edə bilmərəm. O vaxt Hacı Əbdül Milli Məclisdə çıxışı zamanı demişdi ki, Allah əvvəlcə adamın ağlını alır. Hacıleylək gəlib bizi bir-bir dənləyəcək. O, düz söz demişdi. Allah bizim axrımızı xeyir eləsin, o yaşa çatanda ağlımızı itirməyək. 
-Axı Rüstəm İbrahimbəyovu müxalifət cəbhəsində dəstəkləyənlər də var...
- Onu dəstəkləyən 10-15 nəfərdi, kütlə dəstəkləmir axı. Rəhmətlik Elçibəy deyirdi ki, Çini almağa nə var ki? Bu da belə bir şeydi, Milli Şuranı yaratmağa nə var ki? Hamısı boş şeydi. Mətbuata yazığım gəlir ki, bunlardan yazır. Bu, şoudan başqa bir şey deyil. Biz hansı dövrdə yaşayırıq, nə İbrahimbəyov, nə prezidentlik, bunların hamısı nağıldı. 
- Bir müddət öncə Mehriban Əliyevanın da namizədliyi iqtidaryönlü partiyaların biri tərəfindən irəli sürüldü...
- Mehriban xanım siyasəti çox gözəl bilir. O, həm millət vəkilidir, həm də Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavinidir. İyunun 7-də keçirilən YAP-ın qurultayında Mehriban xanım İlham Əliyevin namizədliyini dəstəklədi. Belə olan halda Mehriban xanımın namizədliyinin irəli sürülməsi necə ola bilər?! Onun namizədliyini irəli sürən partiyanın fəaliyyəti araşdırılıb. Məlum olub ki, sən demə, belə bir partiya yox imiş. Baxın, o partiya qeydiyyatdan keçibmi? Parlamentdə nümayəndəsi varmı? 
- Fikirlər səsləndirilir ki, onlar sifariş yerinə yetiriblər...
- Kimin sifarişini yerinə yetiriblər özləri bilərlər. Bu, hər halda YAP-ın sifarişi deyil. 
- Azərbaycanda seçkilərin şəffaf keçəcəyinə əminsiz?
- Əlbəttə, biz seçkilər vaxtı rayonlarda prezidentin təbliği ilə məşğul olacağıq. Prezidentin ətrafında həmrəylik nümayiş etdirən insanlarla birlikdə seçkilərdə iştirak edəcəyik. Seçkilərin şəffaf keçirilməsi bağlı deyilənlər parlament və prezident seçkilərində gündəmə gətirilir. Müxalif və Azərbaycanı gözü götürməyən xarici qüvvələr bu sözü tez-tez işlədirlər. Mən seçicilərə səslənirəm, gedin, iştirak edin, seçkinin şəffaf keçirilib-keçirilməməsini görün. İştirak etməyə-etməyə seçkilər barədə danışmaq həm günahdır, həm də etikaya uyğun deyil. İkinci də seçkidə iştirak zamanı güclü rəqib olmalıdır. Siz belə rəqibi mənə göstərə bilərsiz? Hansı başqa namizəd xalqdan dəstək aldı, seçilmədi? Elə namizəd yoxdur axı. Müxalifət bir nəfəri ortaya çıxarsın. Beynəlxalq məsələlərə gəldikdə isə təbii ki, böyük dövlətlər İlham Əliyevlə işləməyə üstünlük verirlər. Ümumilikdə, heç bir çətinlik görmürəm. Güman edirəm ki, böyük dövlətlər bundan sonra da bizimlə mütəmadi əlaqələr quracaqlar. 
- Siz müxalifətin çox zəif olduğunu bildirdiniz. Axı demokratik ölkələrdə müxalifətin bu qədər zəif olması hakimiyyət üçün yaxşı hal deyil...
- Bu gün müxalifətin zəif olması onların özlərindən asılıdır. Artıq, 20 ildən artıqdır ki, müxalifət bir formadadır. Bu 20 il müddətində müxalifətdə hansısa güc formalaşmayıb. Cəmiyyət də bunu görür. YAP rəsmiləri də dəfələrlə çıxışlar ediblər ki, müxalifət öz namizədini göstərsin. Göstərə biliblər? Əlbəttə, hakimiyyət istəyərdi ki, onun qarşısında güclü qüvvə olsun. Adi futbol oyunları zamanı komandalardan biri rəqibinin zəif olmasını görəndə ruhdan düşür. Əlbəttə, güclü müxalifət olmalıdır və hakimiyyət də həmin müxalifətlə rəqabət aparmalıdır. Müxalifət də öz növbəsində hər şeyi olduğun kimi göstərməlidir, ağa qara deməməlidir. YAP-ın üzvü kimi istəyirəm ki, güclü müxalifət olsun. Hazırki müxalifət əsl müxalifət deyil. 

İlkin PİRƏLİ
Qaynar.info