Ekonomiks 16:44 16.01.2015

Neft Fondu nazirliyə pul verməkdən imtina etdi - 100 milyon

Neft Fondu iri layihəni maliyyələşdirməkdən imtina edib. 

Qaynar.info xəbər verir ki, ANS TV-nin məlumatına görə, Dövlət Neft Fondundan bildirilib ki, Fondun 2015-ci il üzrə büdcəsində bu layihənin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayıb. Layihə kommersiya yönümlü olduğu üçün alternativ mənbələrdən maliyyələşməsinə qərar verilib. Xatırladaq ki, qurumun 2014-cü il üçün büdcəsində “Genişzolaqlı internetin inkişafı” layihəsinə 100 milyon manat ayrılması nəzərdə tutulmuşdu. Amma həmin vəsait ayrılmayıb. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə sözügedən layihəni başqa mənbələr hesabına reallaşacağına inanır. Prioritet olmayan sahələrdə vəsaitə qənaət olunacağı fikrini bir gün əvvəl maliyyə naziri Samir Şərifov da səsləndirib. Bütün bu addımların səbəbi isə dövlət başçısının neftin qiymətinin enməsi ilə bağlı ölkənin gəlirlərinin azalması fonunda israfçılığa yol verilməməsinə dair tapşırığıdır. “Əlbəttə ki, biz prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. İsrafçılığa yol verilməməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar”- deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib. 

Artıq bununla bağlı Maliyyə Nazirliyi yerli qurumlarına da tapşırıqlar verib. 

Qaynar.info