Ekonomiks 20:18 18.03.2013

Neft Fondu xaricdə daha çox daşınmaz əmlak alacaq


Ötən il London, Paris və Moskva şəhərlərində daşınmaz əmlak alan Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Cənub-Şərqi Asiya və Türkiyədə də əmlak alışını davam etdirməklə daşınmaz əmlaka yatırdığı investisiyaları genişləndirmək niyyətindədir.

Bu barədə ARDNF-in Vəsaitlərin idarə edilməsi Müdiriyyətinin başçısı İsrafil Məmmədov «Bloomberg» agentliyinə bildirib.
 
Onun sözlərinə görə, 2012-ci ildə daşınmaz əmlaka 600 mln. ABŞ dolları xərcləyən ARDNF ümumilikdə daşınmaz əmlaka yatırılan investisiyaları 1,6-1,7 mlrd. dollara və ya ümumi investisiya portfelinin 5%-nə çatdırmaq niyyətindədir.
 
«Hazırkı prioritet Cənub-Şərqi Asiya ölkələridir. Bizim daşınmaz əmlaka investisiya strategiyasına gəldikdə isə əsas məsələ yüksək bazar şəffaflığı, dərinlik, likvidlik və uzunmüddətli icarə təcrübəsinə malik olan əsas paytaxt şəhərlərində baş ofis ərazilərinə investisiya yatırmaqdır», - deyə İ.Məmmədov bildirib. /APA