Amal Abuşov
İdman 11:24 30.10.2017

“Neftçi” bizi haqlı çıxardı

Amal Abuşov

Düz iki həftə bundan əvvəl "Neftçi”nin nəticələri və gələcək perespektivi barədə yazı qələmə almışdım. Diqqətli oxucuların xatırladığına əminəm. "Neftçi”nin dirçəliş planı” başlıqlı yazımda "ağ-qaralar”ın çıxışına qiymət vermiş, cəmi iki tur sonra turnir cədvəlinin 4-cü pilləsinin 80 yaşlı "xalq komandası”nın rənglərinə boyanacağını proqnozlaşdırmışdım.

Həmin ərəfədə "Neftçi” çətin Gəncə səfərinə hazırlaşırdı. Uzun fasilədən sonra ot örtüyü yenilənmiş "evinə” dönən "Kəpəz”in azarkeşlərini sevindirmək üçün əlindən gələni edəcəyi şübhəsiz idi. Amma "Neftçi” sürət yığmışdı. Bu sürətin qarşısını almaq çətin olacaqdı. Həmin yazıda yalnız bir məsələdə yanıldım. "Sumqayıt”ın "Zirə”ni məğlub edəcəyinə inanmamaqla səhv etmişdim. Qalan hər şey gözlədiyim kimi oldu.

Kiçik bir hissəni xatırlayaq: "Vəziyyət çıxılmaz, uğur qazanmaq mümkünsüz deyil. Elə təqvim də bunun üçün əlverişlidi. Gələn tur Gəncəyə səfər edəcək "Neftçi”ni orda çoxsaylı azarkeşlərin təzyiqindən başqa ciddi nəsə gözləmir. "Kəpəz”ə olan bütün hörmətimə rəğmən, "Zirə”ylə oyun bu komandanın imkanlarının məhdud səviyyəsini ortaya qoydu. Elə həmin tur "Səbail”lə qarşılaşacaq "İnter”in xal itirməsi də real görünür. "Sumqayıt”ın da "Zirə”yə uduzması da xəyal məhsulu deyil. Deməli, artıq iki tur sonra "Neftçi” xallarını "Sumqayıt”la eyniləşdirə bilər. Oktyabrın 29-da "Sumqayıt”ı "Bakcell Arena”dan əliboş yola salmaqla isə 4-cü pilləyə yüksəlmək mümkündü. Ondan sonrası isə asandı”.

Bu cümlələr heç də havaya atılmış sözlər deyildi. Uzun müddətli müşahidələrin, doğru analizlərin və sağlam məntiqin bəhrəsi kimi yazılmışdı. Və sözsüz ki, Azərbaycan futbolunun reallıqlarına yaxşı bələd olmağın. Yanılmayacağıma inanırdım.

"Neftçi” çətin olanı etməyi bacardı. Bundan sonrası asan olmalıdı. Üzüyuxarı yürümək çətindi. Amma ora çatdınsa, boşalmamalı, yüksəklikdən geriyə baxıb, başın gicəllənməməlidi. Bir az nəfəs dərmək və arxada qoyduqlarından uzaqlaşmaq lazımdı. Heç olmasa aradakı məsafəni qorumağı bacarmaq. Tərlan Əhmədov da bunu bacaracaq gücdədi. Artıq "Neftçi” düzgün yolla, sağlam fikirlə və əmin addımlarla irəliləyir.

Amma problemlər bitməyib. "Neftçi”nin neytrallaşdırılmış prezidenti Orxan Hüseynzadə klubdan uzaqlaşdırılmalıdı. Özü də elə-belə yox. Kluba doldurduğu yararsız əcnəbilərlə birlikdə. Etdiklərinə görə də hesabat verəndən, üzrxahlıq edəndən sonra. "Sumqayıt”la oyunda ehtiyatda oturan adlara diqqət edin: Pavel Dreska, Mateo Mujek, Daniel Seqova. Bu legionerlər hamısı yüksək transfer ödənişi qarşılığında "Neftçi”yə gətiriliblər. Elxan Abdullayevlə Orxan Hüseynzadə "yuxarı”dan gələn buyruqla "Neftçi”nin ad-sanına, oyun üslubuna uyğun gəlməyən futbolçuları komandaya götürüb. Tərlan Əhmədov isə onları ehtiyatda oturduq, qələbələri sıralayır. Məncə, "Neftçi”nin uğurlarının və uğursuzluqlarının sirrini axtararkən bu məqamları incələmək yetərlidi.

Qazanılan hər qələbə, oynanılan hər uğurlu oyunu Tərlan bəyin əl-qolunu açır, onun ayağını yerə bərk basmasına, ehtiyac yarananda yumruğunu stola bərk vurmasına əsas verir. Mane olmasalar, badalaq atmasalar belə də davam edəcək. Buna şübhəniz olmasın.

Dəfələrlə demişik, bir daha deyək. Çəkişməli, rəqabətli Azərbaycan çempionatı izləməyimiz üçün orda iddialı "Neftçi” olmalıdı. Amma sağlam əllərdə olan "Neftçi”!

Qaynarinfo.Az