İdman 15:38 15.05.2013

“Neftçi” çempionluğunu bayram etməyəcək

“Təbii ki, çempionluq sevindiricidir. Düzü, “Qarabağ”la oyundan sonra rəsmən olmasa da, böyük ölçüdə çempion olacağımıza inanırdıq. Sadəcə, bunu rəsmiləşdirmək qalırdı. 

Şükürlər olsun ki, ötən gün komandamız “Qəbələ”də çempionluğunu rəsmiləşdirdi. Baş məşqçi Böyükağa Hacıyevin dediyi kimi, maraqlı məqamlardan biri də bu idi ki, ötən mövsüm “Qəbələ” ilə oyundan sonra çempionluq kubokunu almışdıq. Ancaq həmin oyunda məğlub olmuşduq. Bir növ onun təsəllisi oldu ki, məhz Qəbələdə çempionluğumuzu rəsmiləşdirdik. Gələn turda “Bakı” ilə oyunumuz var. Həmin oyundan sonra bizə çempionluq kubokunun verilməsi gözlənilir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.

O qeyd edib ki, çempion olmaqla kifayətlənmək olmaz: “Həmişə demişəm ki, Azərbaycan çempionu olmaq asandır. Əsas odur ki, bunun davamını gətirib, Avropada uğurlu çıxış edəsən. Azarkeşlərin heç şübhəsi olmasın ki, Avroliqada ən azı keçən ilki uğurumuzu təkrarlamağa çalışacağıq”.

G.Abbaszadə çempionluqla əlaqədar bayram tədbirinin nəzərdə tutulmadığını bildirib: “Hələlik belə bir tədbir barədə düşünmürük. Çünki bizim istədiyimiz daha bir kubok var. Mayın 28-də “Xəzər Lənkəran”la kubokun final qarşılaşmasını gözləyirik. Ona görə də təmtaraqlı bir tədbir nəzərdə tutulmayıb. Amma klubun əməkdaşları, futbolçular, onların yaxınları bir yerdə yığışıb çempionluğu qeyd edəcəyik. Ağır oyunların yükünü üzərimizdən atmaq vacibdir. Yəqin ki, bu haqda yaxın günlərdə qərar veriləcək və müvafiq bir yer təyin edib çempionluğu qeyd edəcəyik. Bizim üçün daha vacib olan kubokun final oyunudur”.

Qaynar.info