İdman 17:47 20.06.2018

"Neftçi"nin bəxti gətirmədi: Mərhələ keçsə, "Sevilya" ilə qarşılaşacaq

Avropa Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 

Qaynarinfo xəbər verir ki, I mərhələdəki 47 cütün qalibinə burada daha 27 komanda qoşulacaq.

Azərbaycanı bu turnirdə təmsil edən "Qəbələ”, "Neftçi” və "Keşlə”nin I mərhələni itkisiz başa vuracaqları təqdirdə, qarşılaşacaqları potensial rəqiblər müəyyənləşib.

Azərbaycan çempionatının gümüş mükafatçısı "Qəbələ" "Proqres"i mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə "Honved" (Macarıstan) - "Rabotniçki" (Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Topaz Premyer Liqasını üçüncü pillədə bitirən "Neftçi"nin püşkdə bəxti gətirməyib. Paytaxt təmsilçisi "Uypeşt" səddini aşacağı təqdirdə, Avroliqanın 5 qat qalibi "Sevilya" ilə üz-üzə gələcək.

Azərbaycan kubokunun qalibi "Keşlə"nin potensial rəqibi isə ya "Milsami" (Moldova), ya da "Slovan" (Slovakiya) olacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 26-da, cavab görüşləri isə avqustun 2-də keçiriləcək.

Avropa Liqası
II təsnifat mərhələsi

"Honved" (Macarıstan)/"Rabotniçki" (Makedoniya) - "Proqres" (Lüksemburq)/"Qəbələ"
"Baltsan" (Malta)/"Keşlə" - "Milsami" (Moldova)/"Slovan" (Slovakiya)
"Neftçi"/"Uypeşt" (Macarıstan) - "Sevilya" (İspaniya)