Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda neftin bir barrelinin qiyməti yaxın zamanda 100 dollara çatacaq.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın "CNBC” telekanalının neft-qaz sektoru  analitiki açıqlama verib.

"Yaxın Şərqdə nə isə baş versə, neft qiyməti üçrəqəmli göstəricilərə qalxacaq. Bu ssenarinin tam real olduğunu hesab edirəm”,- deyə "Akap Energy” analitik şirkətinin təsisçisi Aniş Kapadiya bildirib.

O, hələ bundan təxminən il yarım əvvəl neft qiymətinin 60-70 dollara çatacağını proqnozlaşdırdığını xatırladıb.  Kapadiyanın sözlərinə görə, həmin vaxt bazar iştirakçıları onun bu proqnozunu məsxərəyə qoysa da, sonra bu reallığa çevrildi.

London ICE birjasında Bakı vaxtı ilə 20:45-ə olan sövdələşmələrin yekunlarına görə, neftin iyun ayına olan tədarük qiyməti (füçers) 72,45 dollar təşkil edib.  Aprelin 11-də 2014-cü ildən bəri ilk dəfə olaraq "Brent” markalı neft 73 dollara qədər bahalaşmışdı.