Dünya 10:10 11.12.2019

Nəhayət ərəblər də “keşkə ölkəmizdə dünyəvilik olaydı” dedi

 

Ərəb dünyasında dinin bir siyasi vasitə olmasına qarşı çıxanların sayı gedərək artır.

 

Qaynarinfo xəbər verir ki, Ərəb Strateji Forumu və ArapNews-un "YouGov”da birgə keçirdiyi sorğuda respondentlərin 58 faizinin dini dəlillərin siyasi mənfəət üçün istifadə edilməsini istəmədiyi məlum olub. 

 

18 Orta Şərq və Şimali Afrika ölkələrindən ərəb dilində danışan 3 min 79 nəfərin iştirak etdiyi sorğuda dinin siyasətdə istifadə olunmasına müsbət yanaşanların nisbəti 8 faiz, dinin istifadəsini güclü şəkildə dəstəkləyənlərin nisbəti isə 7 faiz olub.

 

Respondentlərin 14 faizi nə buna qarşı olduqlarını, nə də dəstəklədiklərini söyləyib.

 

Xəbərə görə, iştirakçıların çoxu bir konsepsiya olaraq dünyəviliyə qarşı olduqlarını bildirib.

 

Sorğunun nəticələri barədə ArabNews-a danışan Əbu-Dabidəki Milli Müdafiə Universitetindən Albadr əl-Şateri Livan və İraq hadisələrinin din əleyhinə deyil, məzhəbçiliyə qarşı reaksiya olduğunu deyib.

 

"Bu cəmiyyətlərdə dini inanclar özünə çox dərin yer edib və Qərb tərzində bir sekulyarlığın bu coğrafiyada özünə yer etməsi bir az şübhəli görünür. Orta Şərqdəki ən sekulyar ölkə olan Türkiyə də bir islamçı partiyaya səs verəndən sonra yenə dini meyillərə yönəldi”, - El Şateri deyib.

 

El Şateri vurğulayıb ki, siyasi qurumlara inam azaldıqca, insanlar din, ailə və qəbilə institutları kimi əsas sosial qurumlara üz tuturlar.

Ərəb Sosial Elmlər Şurasının keçmiş prezidenti Abdulxaliq Abdullah dini diskurslardan istifadə edərək azadlıq, bərabərlik, demokratiya və qadın hüquqlarını müdafiə edənlərin artıq etibarlarını itirdiyini bildirib.

 

Bununla birlikdə, İraq və Küveytdən olan respondentlərin 74 faizi, Livandan 73 faizi, Liviyadan 75 faizi, Sudan 79 faizi, Suriya və Yəməndən yüzdə 71-i hələ də dinin siyasi seçimləri müəyyənləşdirməkdə vacib bir element olduğunu düşünür.


İraqlıların 67, livanlıların 57 faizi din və siyasətin bir-birindən ayrıldığı təqdirdə ərəb dünyasında müharibələrin daha az olacağını hesab edir.

Rəyi soruşulanların 61 faizi iqtisadi məsələlərin prioritet olacağı təqdirdə ərəb dünyasının daha yaxşı olacağına inanır.

 

Sorğuda iştirak edənlərin 60 faizi İslamda ekstremizmə yer olmadığını ifadə etdiyi halda, araşdırmaya görə, dindarlığın da artdığı göz qabağındadır. Rəyi soruşulanların 72 faizi ölkələrinin çox və ya bir az dindar olduğunu düşündüyü halda, 66 faizi özlərini fəal dindar kimi təqdim edir.

 

Alpər