Ölkə 15:25 13.10.2018

Nemət Pənahlının xanımı: "Həbsinin əsl səbəbi bizə qaranlıqdır"

"Nemət Pənahlının həbs edilməsinin əsl səbəbi barədə heç bir söz deyə bilmərəm”. 

Qaynarinfo xəbər verir ki, bunu modern.az-a tanınmış siyasətçi Nemət Pənahlının həbs olunmasından danışarkən həyat yoldaşı Həcər Pənahlı deyib.
 
O diqqətə çatdırıb ki, siyasətçi "Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” maddəsi ilə ittiham olunur:

"Amma onun təqsirinin nə olduğu barədə heç bir məlumatımız yoxdur. Çünki Nemət evə gələrkən, maşından düşüb, binaya girmək istəyəndə hadisə baş verib. Belə görünür ki, polislər onu evin qarşısında əvvəldən gözləyirmiş. Çünki maşın və binanın qapısının arası təxminən iki addımdır. Həmin arada nə baş versəydi, yaxud iddia edildiyi kimi polisə müqavimət halı olsaydı, mütləq həyətdən eşidilərdi. Halbuki, bir neçə dəqiqənin içərisində onu götürüb aparıblar".

Həcər Pənahlı həyat yoldaşının işi ilə məşğul olmaq üçün vəkillə məsləhətləşmədiklərini bildirib: 

"Hər vəkil siyasətçinin hüquqlarını müdafiə etmir. Bu, çox çətinləşdirilib. Ona görə, hələlik Nemət üçün vəkil tapmaq müşkül məsələdir”.

Qeyd edək ki, Nemət Pənahlı Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs edilib və Binəqədi müvəqqəti saxlama təcridxanasına göndərilib. O, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi "Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” ilə ittiham olunur.