Foto 14:31 25.05.2018

Nərgiz Paşayevadan uğur: Oksford Universitetində "əsrin müqaviləsi" imzalandı

May ayının 23-də İngiltərə və Azərbaycan arasında elmi, mədəni və hümanitar sahədə mühüm tarixi hadisə baş verib.

2013-cü ildən Oksford Universitetində fəaliyyətə başlamış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Universitetin tərkibində daimi movcüdluğu haqqında kontrakt imzalanıb.

İmzalanma mərasimi Universitetin Protokoluna əsasən XV əsrdə yaradılmış Universitetin Klarendon Kollecində keçirilib. 

Kontraktı Oksford Universiteti tərəfindən Universitetin vitse-kansleri, Amerika İncəsənət və Elmlər Akademiyasının, Amerika Filosoflar Cəmiyyətinin və Britaniya Akademiyasının üzvü, İrlandiya Kral Akademiyasının fəxri üzvü və Edinburq Kral Cəmiyyətinin üzvü professor Luiz Riçardson, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (www.bfsac.org.uk) Qəyyumlar Şurasının sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva imzalayıb. 
 


İmzalanmış müqaviləyə əsasən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində yüksək statuslu elmi-akademik Mərkəz olaraq, Universitetin ayrılmaz bir hissəsi kimi, daimi fəaliyyət göstərəcək.

İmzalanmış müqavilənin bəndlərindən birində Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi qeydə alınıb. 

İmzalanan sənəd, həmçinin Bodleyn Kitabxanalarında Yaxın Şərq və İslam Kolleksiyaları bölümünün kitabxanaçısına dəstək verəcək və bu vəzifəni icra edən şəxsə Azərbaycan dilini öz fəaliyyət sahəsinə əlavə etmək imkanı yaradacaq. 

Oksord Universitetinin Nizami Gəncəvi Mərkəzinin dəstəyi ilə mərkəzin fəlsəfə doktoru proqramı üzrə hazırlıq keçən tədqiqatçıları, tələbələr və kənardan dəvət olunan araşdırmaçılar üçün xüsusi bir oxu zalı da yaradılacaq. Bundan əlavə, Britaniya fondunun dəstəyi Bodleyn Kitabxanalarına Azərbaycandan və Qafqazdan olan nadir və əhəmiyyətli materiallarla öz kitab fondlarını artırmağa imkan verəcək. Şərqşünaslıq institutu çərçivəsində Fondun dəstəyi sayəsində üç fəlsəfə doktoru (DPhil) təqaüdünün ayrılması imkanı yaranacaq, eləcə də tədqiqatçı-alimlərə, müxtəlif tədbirlərin proqramlarına, həmçinin idarəetmə məsələlərinə dəstək verəcəkdir və Oksford Universitetinin Türk Dilləri bölümündə Azərbaycanın rəsmi dili olan Azərbaycan dili ilə tanış olmaq və dili öyrənmək istəyən tələbələr üçün təlimatçı vəzifəsinin yaradılmasına imkan verəcək.

Oksford Universitetinin ən məşhur və nüfuzlu inzibati binalarından olan və ən yüksək qonaqların rəsmi qəbulları üçün nəzərdə tutulan Klarendon binasında keçirilən imzalanma mərasimindən əvvəl, akademik Nərgiz Paşayeva və Oksford Universitetinin vitse-kansleri Luiz Riçardson arasında fikir mübadiləsi keçirilib. Akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə 2013-cü ildə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti geniş müzakirə olunub.
 


Bildirilib ki, Nizami Gəncəvi adına Elmi Mərkəz Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin Universitetin tək Şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə Oksford Universitetində digər sahələrdə elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir. Həmçinin, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun 2017-ci ilin yanvarında Londonda 1852-ci ildə əsası qoyulmuş Viktoriya və Albert muzeyində keçirilmiş təqdimat mərasimi də xatırlanıb. Fond Birləşmiş Krallıqda elm və mədəniyyət sahələrində Azərbaycan və Qafqazla bağlı aparılan bütün işlərin davamlı, uğurlu, perspektivli olmasını və beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədilə şəffaf və ədalətli dəstək üçün yaradılıb. Qeyd edilib ki, bu gün imzalanan müqavilənin reallaşmasına Britaniya Fondu da öz dəstəyini vermişdi.
 


Tədbirdə çıxış edən Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri professor Nərgiz Paşayeva tədbir iştirakçılarını salamlayaraq bu cür tanınmış və nüfuzlu alimlərin bu günki imzalanma mərasiminə dəstəyini və marağını məmnunluqla qarşıladığını qeyd edib. Professor Nərgiz Paşayeva Oksford Universiteti nəzdində 2013-cü ildən fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın tarixi-mədəni, mənəvi irsinin öyrənilməsi və təbliğində aparılan işlərin və ölkəmiz üçün vacib olan bu mərkəzin elmi-strateji məqsədlərinin əhəmiyyətini vurğulayaraq deyib: 

"Beş il əvvəl Oksford Universitetinə gələndə buradakı fantastik atmosfer və insanlar bizi heyran etdi. Azərbaycanı və Qafqazı öyrənən, Nizaminin adını daşıyan yeni elmi mərkəzin yaradılması ideyası yarandı. Mərkəzin həmin andan Oksord Universitetində davamlı, daimi mövcudluğu məqsəd olaraq qarşıya qoyuldu. Azərbaycan elmi və mədəniyyəti Qafqazın bir hissəsi kimi Oksford Universitetində tədqiqat obyektinə çevrilmək imkanı aldı. Müxtəlif, dəyişik elmi yanaşmalara, müasir nəzəri metodologiyalara, istedadlı insanlara və dialoqa yeni yol açıldı. Bu gün imzalanan kontraktı, belə böyük hadisəni elm, təhsil və mədəniyyət sahəsində Azərbaycanda "Əsrin müqaviləsi” adlandırmaq olar. Bu fərəhli gün Azərbaycan tarixinin ən parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və müsəlman şərqində birinci Demokratik Respublika yaradan parlaq insanların əziz xatirəsinə ithaf olunur".

Qeyd edək ki, postsovet müsəlman respublikaları arasında Azərbaycan birinci olaraq Oksford Universitetində öz daimi funksional mərkəzini yaratdı və təsdiq edib. Bəşər tarixinin təcrübəsi göstərir ki, böyük elm aləminə daxil olmadan sanballı və fundamental elmi nailiyyətlər əldə etmək mümkün deyil.