Millət vəkili Fəzail İbrahimlinin Qaynarinfo-ya müsahibəsi
- Fəzail müəllim, növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, artıq 4 dairənin nəticələri ləğv edilib. Bu gün isə MSK daha bir neçə dairə ilə bağlı şikayətləri müzakirəyə çıxaracaq... Hətta həmin dairələrin ləğv olunması da gözlənilir. Bununla bağlı nə deyə bilərsiniz?
- Sonu uğurlu olmaq üçün atılan addımlardır. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov öz çıxışında bunu bəyan etdi. Bildirdi ki, bu yoxlamalar, bəzi dairələrin ləğvi seçkinin uğurlu nəticə ilə başa çatmasına xidmət etdiyini bildirdi. Harda böyük və kiçik saxtakarlıqlar olubsa, üzə çıxsın. Onların hamsı MSK-ya və dairələrə təqdim olunur. Məqsəd təmizlənmə işləri aparmaqdır. Bunlar eyni zamanda müsbət nəticənin alınması üçün atılan addımlardır. Güman edirəm ki, nəticəsi əla olacaq.
- Qələbəsi elan edilən və sonra nəticələri ləğv olunan namizədlərin təkrar parlament seçkilərində iştirakına necə baxırsınız?
- Əslində, bu suala nəticələri ləğv olunan namizədlər cavab verməlidir. Bu insan hüququdur. Orada heç bir qanunsuzluq yoxdur. Qanunda "nəticələri ləğv olunmuş deputatlar təkrar seçkilərdə öz namizədliklərini irəli sürə bilməzlər" ifadəsi yoxdur. Əgər qanun buna yol verirsə, hər bir vətəndaşın təkrar seçkidə iştirak etmək hüququ var. Məğlub olacaq və ya qalib gələcək, onu zaman göstərəcək. Ola bilsin ki, həmin namizədlər bu dəfə seçki kampaniyasını çox uğursuz aparıb, zəif hərəkət edib. Komandasını səfərbər etməyib. Bundan nəticə çıxarıb, 100 nəfərlik komanda seçib, uğurlu kampaniya apara bilər. Təbliğatının forma və metodlarını dəyişər. Səs almaq üçün xalqın qəlbinə yol tapmaq lazımdı. Daha böyük öhdəliklər götürə bilər, bu vaxta kimi edə bilmədiklərini, bir sıra məsələləri yoluna qoya bilər. Qanunda qadağa yoxdur. Nəticəsini isə sonda qutu və oradan çıxan səslər müəyyən edəcək.
- Şosial şəbəkələrdə yayılan görüntülər göstəriri ki, təbliğat kampaniyası zamanı bəzi deputatlar mandat aldıqları rayonlarda keçirdikləri görüşlərdə seçicilər tərəfindən qovulur və tənqid edilir. Millət vəkili olaraq, bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Mən də seçki kampaniyası apardım. Keçirdiyim görüşlərdə bir sıra hadisələrin şahidi oldum. Məsələn, biri var şəhərdə yaşayasan, amma kənddən şeir yazasan. Bulağın axması, çayın səsi, palıdın gölgəsini görmədən oturub şəhərdə təsvirdən şeir yazasan. Bu heç vaxt real ola bilməz. Biri də var kənddə yaşayıb, şeir yazasan. Mən də indi kənddə yaşayıb, kənddə şeir yazan şairlər kimi danışıram. Hər şey mənim gözümün qabağında baş verib.
Deputatların rayonlarda seçiciləri tərəfindən qovulması faktlarında üç məqam var. Birincisi, sözün həqiqi mənasında seçici qarşısında söz verib, seçki kampaniyası dövründə səs almaq üçün xalqı aldadıb və keçən dövr ərzində bir dəfə də olsun həmin camaatın qarşısına çıxmayıb. Gələn ərizələri qulaqardına vurub. Seçicilər Bakıya qəbula gələndə laqeyid münasibət göstərib. Bunlar var və danmaq olmaz.
İkincisi, bir qrup deputat cəmiyyətdə özünə mənfi imic formalaşdırıb. Camaat da deyir ki, mənfi obrazı olan biri niyə mənim deputatım olmalıdır? Ona görə bölgələrdə onlar qəbul etmirlər. Söhbət təkcə sosial şəbəkədə müzakirələrdən getmir. Ümumiyyətlə, Azərbaycan kiçik bir məmləkətdir, hər kəs hər kəsin hətta ayaqqabısının ölçüsünü də bilir. Kimin nəyə xidmət eləməsi, məqsədi, amalı, ailəsindən tutmuş ruhuna kimi hər şey məlumdur. Bu da mətbuata cıxdığından cəmiyyətdə yaxşı qarşılanmır. Hətta deyərdim ki, qəbul olunmurlar. Cəmiyyətdə qəbul olunmayan bir obraz yenidən həmin rayona gedib mandat almaq istəyir.
Üçüncüsü, bu da namizədlərin birinin digərinə qarşı apardığı naqis kampaniyadır. Məsələn, mənim özümün seçki dairəmdə keçirdiyim görüşlərdə rəqiblərimdən birinin işi-gücü görüşlərimə gölgə salmaq idi. Haqqımda mətbuatda kifayət qədər yalan məlumatlar yaydı. Onu da deyim ki, bu məsələdə həm də mətbuat nümayəndələrinin məsuliyyətsizliyi olub. İyirmi ildə mənim haqqımda bir dəfə də olsun mənfi nəsə yazılmayıb. Əsas odur ki, səsi xalq verir. Mənə səs verən, yanımda olan bütün seçicilərimə təşəkkür edirəm.
Bahar Rüstəmli
Şərhlər