Ölkə 20:12 19.08.2013

Nicat Dağlardan xəbər var

“Həkimlərin müəyyənləşdirdiyi xüsusi rejimlə yaşayıram”

 Leykoz xəstəliyinə görə bir müddət Almaniyada müalicə olunmuş jurnalist Nicat Dağlar, özünü yaxşı hiss etdiyini deyib.

Qaynar.info-nun "Media forum"a istinadla verdiyi xəbərə görə, jurnalist, müalicəsinin davam etdiyini deyib: "Almaniyaya qayıdana qədər xüsusi dərmanları qəbul etməliyəm. Oktyabr ayında həkimlər iliyimdən analiz götürəcəklər və müalicə kursunun nə qədər uğurlu olduğuna dair konkret rəyə gələcəklər. 

İlik köçürülməsinə ehtiyac olub-olmadığı bilinəcək. Hazırda Gəncədəyəm. Alman həkimlərin müəyyənləşdirdiyi xüsusi rejimlə yaşayıram. Qida qəbuluna qədər xüsusi rejim müəyyənləşdiriblər. Mən də rejimə ciddi riayət edirəm. Mənim üçün müəyyən idman hərəkətləri müəyyənləşdiriblər. Səhərlər idmanla məşğul oluram. Mümkün qədər təmiz havada çox olmalıyam.

N.Dağlar, normal həyatını bərpa etdiyini bildirib: "Artıq yataqda deyiləm. Xəstəlikdən öncə necə idimsə, indi də o vəziyyətdəyəm. Dünənə qədər bu xəstəlikdən necə qurtulmağın yolları haqında düşünürdümsə, indi yeni işlər, yeni layihələr, iş başına qayıtmaq haqqında fikirləşirəm.Sentyabr ayında Bakıya qayıtmağı düşünürəm. Jurnalistlər üçün tikilmiş binadan dövlət mənə də mənzil verib. 

Ora köçmək lazımdır. Uşaqlarım sentyabrın 15-dən dərsdə olmalıdır. Böyük övladım 3-cü sinfə keçib, balaca övladım 1-ci sinfə gedəcək. Fiziki iş baxımından artıq çəkidən uzaq olmalıyam. Çalışıram ki, əsəbdən, stressdən, mənfi emosiya yükləyən söhbətlərdən uzaq qaçım. Həkimlərin məsləhəti belə olub ki, gün ərzində daha çox yumor janrında olan filmlərə baxım. Gərginlik, həyəcan, qorxu yaradan söhbətlərdən, davranışlardan mümkün qədər uzaq olmalıyam".

Jurnalist, sonda internetdə mütəmadi olaraq Alman həkimləri ilə yazışdığını qeyd edib: "Özləri də maraqlanırlar, Azərbaycanda olduğum müddətdə hansısa dəyişikliklərin olduğunu diqqətlə izləyirlər”.

Qaynar.info