Siyasət 14:14 31.03.2013

NİDA: "Geri çəkilmirik..." - BƏYANAT

NİDA vətəndaş hərəkatı dünənki həbslərlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundov martın 30-u təxminən saat 14:30 radələrində yaşadığı evdən çıxarkən həbs olunub. O, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparılıb. Rəşadət Axundov bir müddət adıçəkilən idarədə saxlanıldıqdan sonra Nəsimi rayon Məhkəməsinə aparılıb.

R.Axundova AR CM-nin 228.3-cü (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Eyni zamanda martın 30-da hərəkatın İdarə Heyətinin digər üzvü Üzeyir Məmmədli də saxlanılaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparılıb və orada təkrar sorğu-sual edilib. Daha sonra Ü.Məmmədli də Nəsimi rayon məhkəməsinə aparılaraq barəsində AR CM-nin 228.3-cü (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdür. Hərəkatın hər iki üzvü - Rəşadət Axundov və Üzeyir Məmmədli barəsində 3 aylıq həbs-qətiimkan tədbiri seçilib.

NİDA Vətəndaş hərəkatı həbs olunan hər iki üzvünün həbsini qanunsuz hesab edir. Həbslərdən narahatlığını bəyan edən hərəkat, bütün baş verənləri hakimiyyətin NİDA-ya qarşı bir repressiyası və təzyiq vasitəsi kimi qiymətləndirir, NİDA üzvlərinin həbsini onların aktiv ictimai fəaliyyəti ilə əlaqələndirir.

Eyni zamanda NİDA Vətəndaş Hərəkatı şərlənərək qanunsuz həbs olunan üzvlərinin dərhal azadlığa buraxılmasını tələb edir.

"Bəyan edirik ki, NİDA Vətəndaş Hərəkatı bu həbslərdən qorxmur, geri çəkilmir. Əksinə biz mübarizəmizi daha böyük əzmlə davam etdirəcəyik", - bəyanatda deyilir.

Xatırladaq ki, martın 7-si  axşam saatlarında NİDA vətəndaş hərəkatının üç üzvü - Əzizov Məmməd Rasim oğlu (11.08.1992), Quliyev Bəxtiyar Səməndər oğlu (25.02.1993) və Novruzlu Şahin İbrahim oğlu (16.09.1995) mülki geyimli şəxslər tərəfindən saxlanılıblar. Gənc fəallara qarşı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Martın 14-də NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşad Həsənov həbs olunub. Rəşad Həsənova AR CM-nin 228.3-cü (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdür. Rəşad Həsənov, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu barəsində də 3 aylıq həbs-qətiimkan tədbiri seçillib.

Qaynar.info