Foto 16:33 26.05.2018

Nihad Qulamzadə: “Amerikanların intellekti bizdən xeyli aşağıdır" (MÜSAHİBƏ)

Deyir, "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”. Kim deyir? ƏSA Teatrının rəhbəri, rejissor Nihad Qulamzadə. Ənənəvi şəkildə desəm, Amerikanı "gəzib” gələn Nihad Qulamzadə ilə söhbətimizi sizə təqdim edirəm:
 
- Status yazmışdın ki, marketdə satıcı səni görəndə xeyli təəccüblənib və "Yəqin dedikləri kimi Amerikada deyildin. Amerikaya getsən, dəli deyilsən ki, qayıdasan” deyib. "Dəlisən" ki, qayıtmısan? 
- Amerikada əsas insanların mədəniyyəti çox xoşuma gəldi. Bizdə belə bir təsəvvür var ki, Amerikada, Avropada əxlaqsızlıq baş alıb gedir, amma elə deyil. Əksinə, onların çox yüksək mədəniyyətləri var. Sadəcə bizdə olan yersiz mədəniyyət onlarda yoxdu, düzdü. Məsələn, mən oturmayım, sən otur, əvvəl sən keç, sonra mən kimi... Amma buna baxmayaraq, orada yaşamaq istəməzdim. Həmişə deyirəm, bu ölkədən gedə bilmərəm. Ona görə yox ki, ölkə cənnətdir. Dünyada sözsüz ki, həm havası, həm suyu, şəraiti, təbiəti ilə bizdən daha üstün yerlər var. Amma insanın içində vətən bağlılığı olur. O imkan vermir gedəsən. Həm də bir müddət sonra amerikalıların qəribə soyuqqanlılığı adama elə təsir edir ki, istəyirsən gedib "20 yanvarda" dayanasan, Sumqayıt taksiləri səni zorla Sumqayıta aparsın. 

- Amerikaya getmək təklifi necə gəldi? 
- Biz "Adamlar və siçanlar” tamaşasında ABŞ səfirliyi ilə əməkdaşlıq etmişdik. Daha doğrusu, səfirlik bu tamaşanın sponsoru idi. Görüşlərimizin birində dedilər ki, sosial məsələlərlə bağlı müxtəlif sahələrdən bir qrup Amerikada ölkəni təmsil etməlidir. Mən də təklifi dəyərləndirdim. 

- Səfər sizə nə qazandırdı? 
- Əvvəla, bildik ki, Amerikada inlküziv teatr fəaliyyət göstərmir. Əslində müəyyən qədər bilirdim ki, dünyada belə "ƏSA” qədər peşəkar inklüziv teatr yoxdu. Səfərdən sonra daha da əmin oldum. Fiziki məhdudiyyətli insanlar üçün müxtəlif dərnəklər var. Orada da yığışıb oxuyub, oynayırlar. Konkret bir fəaliyyət növü ilə məşğul olmurlar. Qazandığımız çox şey oldu. Konqres binasında, kitabxanasında olduq. Müstəqil teatrların rəhbərləri ilə görüşlərimiz oldu. Onların iş prinsipləriylə tanış olduq, öyrəndik. Amerikanın daxili siyasətinin necə idarə olunmasına diqqət yetirdim. Bir teatr rəhbəri kimi mənim üçün idarəetməyə dair detallar önəmlidi. 
 


- Tam səmimi, dərnək olaraq onlar öndədi, teatr olaraq siz? 
- Biz. Onlar bizim necə yarandığımızı, bu yoldakı çətinliklərimizi, Şekspirdən, Steynbekdən əsərlər səhnələşdirdiyimizi eşidəndə çox təəccüblənirdilər. Dediyim kimi, onlarda bu sahədə mövcud birliklər ancaq cəmiyyətlərdir ki, orada da əyləncə xarakterli  bir növ "aktivite”lər təşkil olunur. Həqiqətən də biz həm sosial, həm mədəni səviyyəmizə, həm də cəmiyyət tərəfindən qazandığımız sevgiyə görə onlardan xeyli irəlidəyik. Bir də bizə onlarla müqayisədə dövlətin diqqəti daha çoxdur. Düzdü, baxmayaraq ki, qapımız yoxdu, 40 kvadrat yerdə otururuq və s. Düşünürəm ki, zaman keçdikcə daha yaxşı olacaq. Çünki bunlar zamanla həll olan problemlərdir.
 
 

- Əlilliyi olan şəxslər üçün şərait necədir? 
- Əslində, onlarda vəziyyət müəyyən qədər daha yaxşıdır. Hər tərəfdə panduslar var. Məsələn, bizimlə gedən xanım əlil arabasında idi. Buna baxmayaraq, heç bir problem yaşamadıq. İstər ictimai nəqliyyatda, istər şəhərdə rahat şəkildə hərəkət edə bilirdi. Orada olanda bizi bir pizza restoranına apardılar. Sonradan öyrəndik ki, restoran rəhbərinin oğlu da əlildir, autizm xəstəsidir və orada çalışır. Sifarişimizi verdik. Yeməyə başlamışdıq ki, rəhbər deyilən şəxs içəri girdi və əsəbi halda "Elə bilirsiniz bizdə hər şey gözəldir? Şəhərə baxırsınız, ətrafda panduslar var. Düşünürsünüz ki, qayğı göstərilir? Yanılırsız. Elə deyil. Özbaşınalıqdı burada. Sizə kim nə deyir yalan deyir” və s. Hamı bir-birinə baxdı. Bir tərəfdən ürəyim sıxıldı ki, bizim nə günahımız var, biz sadəcə yeməyə gəlmişdik. Digər tərəfdən də sevindim ki, belə insanlar, bu cür etirazlar tək bizdə yoxdu. Sonradan isə öyrəndik ki, sən demə "müəllim” dövlətdən vəzifə istəyib, verməyiblər deyə belə narazıdı. Onu da özü dedi ha. Bir az çox səmimidirlər (gülür). 
 
- Bir az da "Paris”dən danışaq bəlkə? 
- Ciddi hazırlıqlar, məşqlər gedir. M.F.Axundzadənin "Müsyo Jordan və dərviş Məstəli şah” əsəri demək olar ki, bütün teatrlarda səhnələşdirilib. Əslində buna görə işimiz bir qədər çətindir və daha çox məsuliyyət tələb edir. Biz özümüz əsərdə günümüzlə ayaqlaşacaq bəzi dəyişikliklər etmişik. Quruluşçu rejissorumuz Elşən Əsgərovdur. Çox şey demək istəmirəm. Gələrsiniz, görərsiniz (gülür).
 
 

Nihad Qulamzadə söhbət əsnasında bunu da dedi ki, "Amerikanların intellekti bizdən xeyli aşağıdı. Yəni, məsələn, bizdə gedib adi fəhlədən  də nəsə soruşsan, daxili siyasətdən, xarici siyasətdən, iqtisadiyyatdan, ya da nə bilim, coğrafiyadan, tarixdən sənə nəsə deyə biləcək. Amma onlarda belə deyil. Hərə özünə bir sahə seçib. Ondan başqa da heç nə bilmir. İş olmayanda bütün gün oturub TV izləyirlər. Özü də adi verilişlərə baxırlar. Təxminən, bizim yerli kanallarda gündəlik nümayiş olunan əslində sosial tipli, amma məişət qiybəti səviyyəsindəki verilişlər kimi proqramlara baxmağa üstünlük verirlər. Sadəcə bizdən fərqli olaraq, sosial problemləri dərd eliyib, faciəyə çevirib ağlamırlar. Ümumiyyətlə, hər sahədə, hər mövzuda özlərini rahat, sərbəst şəkildə aparmalarına, rahatlıqlarına həsəd aparmaqmaq olmur”. 

Nərmin Həsənli