Ölkə 16:54 09.05.2013

Nilufər niyə intihar etdi? – Rəsmi açıqlama


Azərbaycan Baş Prokurorluğu Mingəçevirdə baş verən intihar hadisəsi ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumatda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində 1993-cü il təvəllüdlü Nilufər Məhərrəmovanın Mingəçevir şəhərində, yaşadığı binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar etməsi siyasiləşdirilərək, intihar etməsinə səbəb kimi guya onun “Nida” təşkilatının üzvü olması və sosial şəbəkələrdə paylaşdığı yazılarla əlaqədar şəhər polis şöbəsinə çağırılaraq ona təzyiqlər edilməsi olub: “Azərbaycan Baş Prokurorluğu həmin informasiyaları qəti şəkildə təkzib edərək bildirir ki, N.Məhərrəmova mayın 7-də səhər saat 10:00 radələrində yaşadığı mənzildən özünü ataraq hadisə yerində ölməsi faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanmışdır. Ölümün səbəblərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilmişdir.

İlkin istintaqla müəyyən edilmişdir ki, N.Məhərrəmova əsaslı səbəblər olmadan mütəmadi olaraq anası ilə mübahisələr edər və valideynlərini xəbərdar etmədən tez-tez Bakıya gələrdi. Səhhətində yaranmış psixoloji pozuntularla bağlı dəfələrlə Mingəçevir və Bakıda, o cümlədən 16 aprel 2013-cü il tarixdə Bakı şəhərində həkim-psixiatrın müayinəsindən keçərək ona müvafiq tibbi yardımlar göstərilmişdir. N.Məhərrəmovanın adına yazılmış reseptlər və müxtəlif adda əsəb sakitləşdirici dərman preparatları onun ailə üzvləri tərəfindən istintaqa təqdim edilmişdir. İstintaq zamanı həmçinin mərhumun şəhər Polis Şöbəsinə çağırılması və ona təzyiqlər göstərilməsi ilə bağlı KİV-lərdə yayılan məlumatlar təsdiqini tapmamışdır.

Hazırda cinayət işi üzrə zəruri və intensiv istintaq hərəkətləri davam etdirilir”.

İDDİALAR

Qeyd edək ki, iki gün əvvəl müxalifətçi gənc qız intihar edib. Bu barədə ilk xəbəri Nilufər Məhərrəmovanın dostları "Facebook"da yazıblar. İntiharın təfərrüatlarına gəlincə, hər şey Nilufər Məhərrəmovanın bloq yazısından sonra başladığı iddia olunur. O, öz bloqunda "Sivil demokratik ve hüquqi dövlət uğrunda" adlı məqaləsini paylaşıb. Bundan sonra gənc qıza təzyiqlər başladığı deyilir. Hətta, onun polis əməkdaşları tərəfindən döyüldüyü barədə iddialar da var. Nəticədə, Nilufərin evdə anası ilə mübahisəsi yaranıb. Mübahisədən dərhal sonra isə qız özünü altıncı mərtəbədən atıb.


Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlov isə "Bizim yol”a açıqlamasında  iddiaları rədd edib.

"Təəssüflər olsun ki, mətbuat heç bir araşdırma aparmadan Nilufər Məhərrəmovanın intiharına səbəb kimi onun siyasi mövqeyini göstərib. Mən polis rəisi olaraq bəyan ediəm ki, o qızı ümumiyyətlə, tanımamışıq. Yalnız intihar baş verən gün kimliyi və ünvanı bizə bəlli olub. Ona heç bir təzyiqdən söhbət gedə bilməz”- deyə o bildirib.

Polis rəisi intiharın səbəblərinin istintaq zamanı bəlli olacağını deyib.

Qaynar.info