Ölkə 12:04 27.09.2017

Niyə adam kimi boşana bilmirik?

"SEAWAYS"12 ŞİRKƏTİNİN “FƏLAKƏT”İ

Cavan yazarlardan biri bu günlərdə şikayətləndi ki, düz-əməlli süjet fikirləşib tapa bilmirəm, qalmışam belə. «Elə isə, süjetsiz əsərlər yaz, Coys kimi» - dedim.

Zarafat bir yana, amma bu problemlə təkcə xırda sənətkarlar üzləşmir. Məsələn, Qoqol xahiş-minnətlə Puşkindən süjet istəyirmiş, ağlabatan bir ideya tapmaq üçün Dostoyevski hər səhər qəzetlərdən kriminal xəbərlər oxuyurmuş. Başqa halda, hər hansı sənətkarın əsərindəki süjet sxemini götürüb, dədə malı kimi istifadə edənlər də tapılır. Konan Doyldan bəhərələnən İlf və Petrov kimi.

Amma bir elə bir zəmanədə və məkanda yaşayırıq ki, «ürəyi yazıb-yaratmaq eşqi ilə döyünən» heç kəs kasadlıq hiss etməməldidir. Bunun üçün dağa-daşa düşmək də lazım deyil, ətrafda baş verənlərə nəzər salmaq kifayətdir.

Sizə İqrar Həsənov (Şərti addır – təfərrüatlar aydınlaşandan sonra daha ətraflı yazacağıq) namlı uğursuz ailə başçısından söz açmaq istəyirəm. Əmin ola bilərsiniz, bu adam bütün nəslinin «dəyərli» təmsilçisi olaraq, məşhur ədəbi peronaja çevrilmək potensialına malikdir; onun haqqında film çəkmək, teatr tamaşası qoymaq, jurnalist araşdırmaları aparmaq lazımdır. Bu, bütövlükdə Azərbaycan mədəniyyətini xeyli irəli apara bilər – axı ədəbiyyat, həm də, mənfi personajların çiynində dayanır. Siz zəngin rus ədəbiyyatını «Zmanəmizin qəhrəmanı»ndakı Qruşnitski, «İdiot»dakı Afanasi Totski, «Karamazov qardaşları»ndakı Pavel Smerdyakov, «Cinayət və cəza»dakı Pavel Lujin və s. olmadan təsəvvür edirsinizmi? Mənsə sizə bütün bu personajların ən maraqlı cəhətlərini özündə cəmləşdirmiş insandan danışıram.

Qısa özət: deməli, İqrar ağa təxminən on beş il bundan qabaq evlənir. Namuslu, öz əlinin zəhməti ilə dolanan bir ailənin qızını alır. İlk vaxtlarda xoşbəxt, firavan yaşayırlar. Bir-birindən gözəl üç uşaqları olur. Qohum-əqraba baxıb sevinir, onları nümunəvi ailə sayır.

Amma sən saydığını say.

Sıravi dənizçi işləyən ailə başçısı günlərin bir günü SEAWAYS12 adlanan xarici şirkətdə işə düzəlir, yanılmıramsa, ayda 15 min dollara yaxın məvacib almağa başlayır və bundan sonra onun davranışında qəribə bir metamorfoza baş verir.

On beş minin kəraməti.

Əlaqədar instansiyaların araşdırmaları göstərir ki, təxminən on iki illik ailə həyatında bu adamın çıxarmadığı hoqqa qalmayıbmış. Bir yastığa baş qoyduğu həyat yoldaşına dediyi ən yüngül ifadə: «Mənim evimdə yallanırsan» olub.

Təhqirin, söyüşün biri bir qəpik. Dəfələrlə arvadını döyüb, xəstəxanalıq eləyib. Və möcüzə: indi məlum olur ki, kimlərləsə əlbir-dilbir olub, «Təcili yardım» maşınıyla arvadının xəstəxanaya aparılması haqqında qeydləri sildirib. Binəvaya deyən olmayıb ki, bu cinayət əməlidir, bu həyatda heç nəyin izini axıracan itirmək mümkün deyil, məlum şəraitdə pulların sənə kömək eləməyəcək.

Kefinin ağası adamın maraqlı əyləncələrindən biri də kənarda yüngül əxlaqlı qadın-qızla əylənib, şəkillərini telefonla arvadına göndərmək olub. Bu şəkillər durur, onları rüşvətlə sildirmək ağlına gəlməyib.

Bütün bunların hamısı onun namaz qılan, oruc tutan anasının gözü önündə, bəlkə də, bilavasitə iştirakıyla baş verib.

Burada çoxlu təfərrüatları buraxıram: hələ araşdırma gedir, hər şey sonacan aydınlaşandan sonra başqa yazılarımız da olacaq.

Bütün bunlar - axan göz yaşları, ərşə dirənən zülm azmış kimi, despot ailə başçısı arvadını notariusa aparıb, onun mal-mülkünə iddia etməməsi haqqında kağız imzalatdırıb. Diqqət edin: bu, nikah müqaviləsi deyil, neçə illik ailə həyatından sonra məcburən imzatdırılmış kağızdır…

Sonra, hər ehtimala qarşı, gözlənilməzliklərdən sığortalanmaq məqsədilə, öz adında olan 5 mənzilin və bir neçə maşının hamısını öz yaxın qohum əqrəbasına «satıb». Möcüzəvi şəkildə. Onları da öz əməllərinə ortaq edib.

Və bütün hazırlıqlardan sonra arvadını boşayıb, atası evinə göndərib.

İnsanların məkrlisini görmüşdük…

Hələ bu, hamısı deyil; boşandıqdan sonra on beş ilə yaxın zülm çəkdirdiyi arvadına uşaqlarla vaxtaşırı görüşməyi də çox görür. Keçmiş həyat yoldaşı axırdan-axıra ayılıb, əlaqədar instansiyalara müraciət etdikdə isə, qarşısını kəsib, yumruqla gözünün altını qaraldır.

Sual olunur: on beş ilə yaxın zillət çəkdirdiyin adamdan insan kimi, adam balası kimi boşanmıq olmazdımı?

Ona çöp də qıymayıb, boşadığın halda, uşaqlarla görüşməyi əngəlləmək hansı xəstə təxəyyülün məhsulu ola bilər?

Yəni, özünə bənzər vəkillərə ətək-ətək pul xərcləyib, yiyəsiz-sahibsiz, fağır saydığın insanların iztirablarından ləzzət aparmaq üçün kim olmalısan?

Bu mövzuya qayıdacağıq.

Hələik isə, mənə elə gəlir ki, onun işlədiyi xarici firmanın rəhbərliyi öz işçisinin hansı əxlaqi-mənəvi keyfiyyətlərin daşıyıcısı olduğu haqda bilgiləndirilməlidir. Adam hər şeyini itirməyə doğru gedir.

Onu da əlavə etmək istəyirəm ki, Azərbaycan banan ölkəsi deyil və ayda on beş min yox, yüz əlli min gəlirin də olsa, kor atı minib, köndələn çapa bilməzsən.

Zalımın zülmü varsa, fağırın da Allahı var. Bunu unutmaq lazım deyil.

Səbuhi MÜBARİZOĞLU

İcmal.az