Ölkə 09:35 10.10.2019

"Normadan 20 dəfə artıq çirklənmə Xəzərdə canlı aləmin məhvi deməkdir"

"Tədqiqat aparanların azdan-çoxan işlərindən xəbərdaram, 10-20 qat çirklənməni qəbul etmirəm. Xəzərdə normasından 10-20 dəfə çox çiriklənmə olduğuna inanmıram". 

Bu sözləri Qaynarinfo-ya AMEA-nın Coğrafiya İnstutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Xəzərin bəzi yerlərində çirklənmə göstəricisinin normadan 10-20 dəfə artıq olmasına münasibətində bildirib. 

Tədqiqadçı qeyd edib ki, ərazidə tədqiqat aparmadan söz demək asandır: 

"Bu işin tədqiqatçılarından maraqlanmışam, amma belə bir rəqəm eşitməmişəm. Hansısa lokal bir yerdə ola bilər. Ümumi dənizə şamil etmək olmaz. Çirklənmənin növü çoxdur. SOCAR və bir sıra xarici şirkətlər Xəzərin çirklənməsinin qarşısını almaq üçün kifayət qədər işlər görürlər. Bunu təkzib etmək olmaz.  Oxuduqlarıma əsasən deyirəm, fərqi yoxdur, Xəzər dənizi və ya Sakit okean, normadan 20 dəfə artıq çirklənmiş ərazidə canlı aləm ola bilməz".

Ənvər Əliyev çirklənmənin Xəzər dənizində nərə balığı ehtiyatının tükənmə təhlükəsi yaratmasına da izah verib:

"Xəzər dənizi əvvəllər də çirkli idi, amma o zaman da nərə balıqları yaşayırdı. Bildiyiniz kimi, bu balıq növü dünyada yalnız Xəzər hövzəsinə aid balıqlardır. Ən azı milyon il əvvəldən olmuş, ən qədim canlılardan biridir. Bu canlılar hər şəraitə uyğunlaşırlar. Məsələ bundadır ki, nərə balığının ovlanmasında kvotalar var. Bu kvotanı 5 ölkə özü müəyyənləşdirir ki, nə qədəri ovlamaq olar, nə qədəri olmaz və yaxud da bura nə qədər süni yolla hazırlanmış körpə buraxmaq olar. Ümumi götürəndə isə, tükənmə təhlükəsi olsaydı, 5 dövlətdə ovlanmaya icazə verilməzdi. Ancaq bildiyiniz kimi, çox böyük maliyyə gətirdiyinə görə brokonyerlər tərəfindən şəxsi qaydada da ovlanmalar olur.

Bəli, Xəzər dənizində nərə balığının azalma ehtimalları çoxdur. Amma o, tamam tükənəcək deyə bir şey yoxdur, vəziyyət o dərəcədə qorxulu deyil. Xəzərdə aparılan işləri təqdirəlayiq saymaq olar. Xəzərin  ‎376 000 km²  ərazisi var və dünyanın ən böyük gölüdür deyə, bu, problem yaradır. Necə qoruyaq ki, kimsə toxunmasın?! Xəzər dənizinin hövzəsinin ətrafında əhalinin çox sürətlə artması və dünya bazarında bu məhsula tələbatın artması müşahidə olunur. Hövzədə 50 il əvvəl üçdə bir əhali yaşayırdısa, indi nə qədər əhali var. Elə Bakı şəhərində 4 milyondan çox əhali yaşayır. Nəticədə tələbat, istifadə çoxalır və problem yaranır. Ona görə də zaman keçdikdə təbii ehtiyatlar, qida ehtiyatlarıda tükənmələr olduğu kimi, bu, Xəzərdə də ola bilər. Ancaq düşünürəm ki, yavaş-yavaş ekoloji mədəniyyət formalaşmalı, nərə balıqları ilə bağlı qabaqlayıcı tədbirləri isə artırmaq lazımdır. Ərazilərdə nizama uyğun olaraq ov aparılmasına, pərakəndəlik olması üçün çalışmaq lazımdır. Suya nə qədər körpə buraxılırsa, o saya uyğun olaraq kvota qoyulmalıdır. Amma ciddiyyətlə..."

Xatırladaq ki, bu gün AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov mediaya açıqlamasında Xəzərin bəzi yerlərində çirklənmə göztəricisinin normadan 10-20 dəfə artıq olduğunu demişdi.

Röya Kərimli
Qaynarinfo