Siyasət 11:04 19.06.2013

Novella Cəfəroğluna Müsavatdan getmə tələbi- QALMAQAL

Yadigar Sadıqov: "Novella Cəfəroğlu Müsavatdan getməlidir"

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Freedom House” təşkilatının “Keçid dövrü ölkələri-2013” hesabatını şərh edib. O deyib ki, Azərbaycanda insan haqları çox yaxşı pozulur: “Siyasi məhbuslarımız var, NİDA-çılar, İlqar Məmmədov, Qurban Məmmədov, jurnalistlər, dindarlar həbsdədir. Amma Azərbaycan dövləti haqqında bu fikirləri demək mənə çox pis təsir edir”.

N.Cəfəroğlu qeyd edib ki, Ermənistanda, Gürcüstanda, Rusiyada, Ukraynada vəziyyət Azərbaycandan daha acınacaqlıdır: “Ermənistanda 500 min insan qaçır, prezident seçkilərində namizədi güllələyirlər. Gürcüstanda son zamanlarda baş verənlər göz qabağındadır. Ukranyada baş nazir Yuliya Timoşenko, jurnalistlər həbs olunur. Bu ölkələr həmin siyahıda yer almır. Amma Azərbaycanı son beş ölkə sırasına salırlar. Mən hakimiyyətdən razı deyiləm. Amma dövlətimiz haqqında bu fikirlərin səsləndirilməsi və haqsız araşdırmalar aparılaraq belə hesabatların ictimaiyyətə təqdim olunması mənə pis təsir edir. Keçmiş sovet ölkələri arasında ən yaxşı durumda olan Azərbaycandır. Keçmiş sovet ölkələri bir kənara qalsın. Araşdırma aparılarkən ölkələrdə olan vəziyyətlər düzgün qiymətləndirilməlidir. Necə olur ki, Azərbaycanda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda insan haqları pozulur, digər ölkələrdə pozulmur? Belə hesabat olmaz. “Freedom House” təşkilatı qələt eləyib”.

Qeyd edək ki, hesabatda regionun 12 ölkəsindən 5-də insan haqları və vətəndaş cəmiyyəti üçün həyəcanlı vəziyyət hökm sürdüyü bildirilib. Bura Azərbaycan da daxildir. Azərbaycan, Belarus, Türkmənistan, Özbəkistan və Tacikistan “Vətəndaş cəmiyyəti” göstəricisinə görə ən aşağı reytinq alıblar.

Novella Cəfəroğlunun bu fikirləri Müsavat Partiyasında sərt qarşılanıb. Qaynar.info-nun məlumatına görə, partiya başqanının müşaviri Yadigar Sadıqov N.Cəfəroğlunun fikirlərinə sərt reaksiya verərək bildirib ki, Novella xanım Müsavata hücumlar üçün növbəti dəfə gözəl şans yaradıb: “Buyurun, hücum edin, haqqınız var. Novella xanım, bəlkə də Müsavat Partiyasının Nizamnaməsində sizi çıxarmaq üçün müvafiq maddə tapılmaz. Amma bu partiyanı daha biabır etmək istəmirsinizsə, Allah xatirinə, özünüz ərizə verib çıxın. Nə olar, çox, amma çox xahiş edirəm”.

İlkin
Qaynar.info