Elman Eldaroğlu

Blogger
Yazılar
43
Novruz Novruzovun 65 yaşına...

Novruz Novruzovun 65 yaşına...

Onun necə icra başçısı olduğu barədə söz demək istəmirəm. Bunu rəhbərlik etdiyi bögələrin sakinləri söyləsə daha gözəl olar. Amma bir həqiqəti yaxşı bilirəm ki, doğulub boya-başa çatdığı ailənin halal süfrəsində daddığı nemətlər ona heç zaman ədalətsiz olmağa imkan verməz. Ədalət isə rəhbər vəzifədə çalışan insanın ən vacib öhdəliyidir. İllərlə Lerikin Zövnə kəndindən on kilometrə yaxın məsafəni piyada qət edərək Yardımlıda orta təhsil alıb. Sonra universitetdə oxuduğu illərdə bütün imkansız ailələrin övladları kimi yarıac, yarıtox tələbəlik həyatını yaşayıb. Nəhayət, qarış-qarış, addım-addım vəzifə pillələrində yüksələrək bu səviyyəyə yetişib. Demirəm ki, ideal rəhbərdir, amma mükəmməl insan olduğuna zərrəcə şübhəm yoxdur. Əslində rəhbər vəzifədə çalışan məmurun bilik və bacarıqlarından öncə insani keyfiyyətləri gözəl olmalıdır…

Haqqında söhbət açdığım Novruz Novruzov 1954-cü ildə Lerik rayonunun Zövnə kəndində dünyaya gəlib. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1971-ci ildə Lerik rayonundakı Səməd Vurğun adına Kolxozda kolxozçu kimi başlayıb. 1971-ci ildən kolxozçu, fəhlə, Lerik rayonu Züvüc kənd orta məktəbində pioner baş dəstə rəhbəri vəzifələrində çalışıb. 1974-1976-cı illərdə isə hərbi xidmətdə olub.

Ordudan tərxis olunandan sonra sovxozda fəhlə, Lerik rayon mədəniyyət şöbəsində kütləvi işçi, 1977-ci ildən LKGİ Lerik Rayon Komitəsinin ikinci katibi, 1982-ci ildən Lerik Rayon Partiya Komitəsində təlimatçı, 1983-cü ildən LKGİ Lerik Rayon Komitəsinin birinci katibi, 1985-ci ildən Lerik Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1987-1995-ci illərdə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəsis, Lerik Rayon İcra Hakimiyyəti ərazi idarəetmə orqanları şöbəsinin müdiri vəzifələrində işləyib. 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə isə Şabran rayonlarına rəhbərlik edib.
Prezidentin məlum sərəncamı ilə 2019-cu ildən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

2014-cü ildə "Şöhrət” ordeninə layiq görülüb. Ailəlidir, iki övladı vardır…

…İstedadlı insandır. Uzun illərdir ki, bədii yaradıcılıqla da məşğul olur. Necə deyərlər, mükəmməl qələmi vardır. Ərsəyə gətirdiyi əsərləri oxuduqca buna şahid olmaq olar. Publisistik məqalələri isə adamda bir başqa təəssürat yaradır. Xalqın dilində qələmə alınan bu yazılar, səmimiyəti ilə seçilir. Nə isə, çox danışıb vaxtınızı almaq istəmirəm. Mayın 2-si Novruz müəllimin 65 yaşı tamam olur. İnanıram ki, sevənləri, eləcə də onu yaxından tanıyan insanlar mənim deyə bilmədiklərimi yubiley məclisində dilə gətirəcəklər. Qalır təbrik: Hörmətli Novruz müəllim, sizi Amerika Birləşmiş Ştatlarının şimalından, mister Andy Schorun rəhbərlik etdiyi Lansinq şəhərindən təbrik edir, sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar arzulayırıq.
65 yaşınız mübarək!

Hörmətlə,
Elman Eldaroğlu,
ABŞ, Miçiqan

OXŞAR XƏBƏRLƏR