Məşhur müğənni Nuri Sərinləndiricinin duet ortağı Jane Şirokihlə gizli ailə həyatı qurduğu deyilir. Cütlüyün hətta gələcək aylarda övladının da dünyaya gələcəyi söhbətləri gəzir.
Qaynarinfo PrimeTime-a istinadən xəbər verir ki, ifaçının layihələri üzrə rəhbəri, tanınmış teleaparıcı Lamiyə Ələkbərqızı məsələyə münasibət bildirib.
Xəbəri təsdiq edən L.Ələkbərqızı bildirdi ki, toy hələ ötən ilin aprel ayında baş tutub:
"Nuri ilə Jane Dominikan Respublikasında evləniblər. Onların toyunun təmtəraqdan uzaq, dost əhatəsində qeyd olunmasına səbəb Nurinin şəxsi istəyi ilə bağlıdır.
Bilirsiniz ki, ifaçı anasını itirib və onu dünyaya gətirən xanımın həyatda olmaması səbəbindən böyük məclis təşkil etmək istəmədi”.
Aparıcı Nurinin ata olub-olmayacağı barəsindəki sualımızı da cavablandırdı:
"Bəli, ailə quran insan valideyn də olmalıdır. Vaxtı gələndə hər kəs görəcək”.
Məsələnin mətbuatdan niyə gizlin saxlanılmasına da aydınlıq gətirildi:
"Bilirsiniz ki, Nuri heç vaxt şəxsi həyatı ilə gündəmə gəlmək istəməyib. O, daima yaradıcılığı ilə məşğul olub və bu cür mövzulara həssaslıqla yanaşıb”.
Xatırladaq ki, Nuri ilə Jane uzun illərdir eyni səhnəni bölüşürlər. İfaçıların birgə tandemindən saysız-hesabsız maraqlı duetləri var. Səhnədə bir-birini tamamlayan tərəflərin həyat bağlarını birləşdirməsi onların xarakterinin də bir-birinə uyğun olmasından xəbər verir.
Şərhlər