Sənət 16:14 15.09.2014

O Nizami

İdris Heydərli

Şeyx Nizami ilə qarşı-qarşya gələcək nə düşüncə tapa bildim, nə də hikmət.

Bildiyimiz bir Gəncə idimi o Gəncə?

Gəncə gizli olan xəzinədir arameycə. Bərdaysanın, Maninin traktatları bu gizliliyi Enoxdan alırlar. Sührəverdi “Qırmızı ağılı”nın mənbəsi olaraq bu gizli işığın axtarşında olmuşdu və ”Qətl edilən filosof” kimi tarixə düşdü.

Gəncə Bərdədən sonra xəzinə olaraq nədən bir an olaraq tarixinin gizlinlərindən mirası aldı və yox oldu?

Bərdənı dağıdan rusları Nizamı daima nifrətlə yad etdi. O, Bərdəni Aranın son nişanəsi olaraq tanıtdı. Gəncədən nədən getmədiyinin sirrini isə heç söyləmədi. Nizami və Gəncə yazısının əzbəri oldu. Bu bağ gələn bir mirasın son nəğməsi idi.

Bu son nəğmə “Pənc gənc” idi: "Beş xəzinə". Biz beş xəzinənin nə olduğunu anlamağa heç cəhd etmədik ki… Beş işığın xəzinəsi qnostiklərin əsrlər boyu axtardıqları xəzinə idi.

Bu hikmətin xəzinəsi “Quran”la mənalaşdıqdan sonra tam fərqli bir yükə çevrildiyindən nə ərəb, nə əcəm, nə də rum anlaya bilmişdi bu xəzinəni. Hər kəsə bu xəzinədən pay düşmüşdü. "Amma bütöv olaraq bu hikməti anladan Nizami bir daha doğulmayacaqdı", - dedi Nizami.

O Nizamini anlada bilmək və anlamaq fikir dolanbaclarında azmaq deməkdir.

Nizami Azərbaycanla Aranın birləşdiyi bir zamanın dahisi idi. Aran Nizami ilə bitdi, Azərbaycan Nizami ilə başladı.

Aran Harranın parçası olaraq zamanın ən gizli bir məkanı idi. Hələ də tam araşdırılmadığından nə olmasını tanıya bilmirik. Nizami Aran məktəbini azərbaycanlaşdıran ilk düşüncə insanı olaraq Adəmdən Xatəmə başlanan iman hərəkatının anlatmağa çalışdı. Anlamadıq ki...

Alman qnostikləri Nizamini anlamağa çalışdılar. Rus elmi bu fürsəti əldən buraxmaq istəmədi. Nizamişünaslığı rus elminə bağlamaq cəhdi ilə ciddi araşdırmalar başlandı. Olmadı, alınmadı...

Nizami bir heykəl və “Xəmsə” olaraq görüntüləndi. Bir kimsə "Nizami nədən bu qədər maraq dairəsindədir, nədən bu qədər ciddi araşdırılır?" sualına cavab tapa bilmədi.

Nizami Parfiya ilə itən ənənələrin İslam ruhudur.

Nizami Gəncəvi dünyanın sonuncu qnostiki olaraq qaldı. Biz heç zaman onu bu şəkildə tanıya bilmədik. Bizə tanıdılan Nizami sadəcə bir şəkildir. Mikayıl Abdullayevin çəkdiyi Nizami portreti kimi. Nizami və təbiət, Nizami və cəmiyyət, nizani və insan, Nizami və... 

Bu "və"lərin sayı nə qədər istəsək, uzanda bilər. Amma "Nizami kim idi, düşüncəsi, yazdığı dünya hansı sistemdən qaynaqlanırdı?" kimi suallar cavabsızdı hələ də... 

Aranda, Gəncə şəhərində 1137-ci  zəlzələsindən sonra doğulub və yaşayan bu insan haqqında heç zaman tam bilgimiz olmadı. İlk öncə dağılmış və viranə qalmış bir şəhər haqqında düşünün. Və bu zəlzələdən sonra abxazların viranə qalmış şəhərə gəlib nə qaldısa, onu da məhv etmək cəhdini anlayın, sonra…

Sonrası bir müəmma.

Gəncə qapısı o zaman Gelatiyə aparıldı. Bu gün Kutaisi şəhərindədir bu monastr. Bu qapının üzərindən keçib monastra daxil olursan. Hələ o zaman gürcülər adlı etnik kimlik yox idi. Nizami əsərlərində adı keçən ancaq abxazlardır. Qapını nədən apardılar? Dəmirə ehtiyacları var idimi? Sadəcə, qisas olaraqmı? Bilmirik. I Dimitri atası Davidin (Qurucu olaraq tanınan) məzarına qoydurdu bu qapını. Nədən?

Gəncə və Tiflis savaşırdı o zamanlar... Bu savaşın mahiyyətini İsa ardıcıllarının məzhəb savaşında tanıya bilərik: Bərdə, Gəncə və Tiflis. Bu şəhərlər o zaman Aran adlanan ərazinin beyin mərkəzi funksiyası üçün savaşırdılar.  Tək Aranın deyil, Anadolu və İran yaylasının hakimiyyətləri dini güclərini Arandan alırdılar.

İslam xilafəti belə bu ərazilərdə şəkillənməni Aranın öz üzərinə buraxmışdı.

O zamanı şəkilləndirən Səlcuqlar Aranı Azərbaycan olaraq bütövləşdirdilərb və Nizami Aranın deyil, Azərbaycanın mirası oldu.

Azərbaycan şəkillənməsində isə Tiflis o zaman itirildi...