Ölkə 11:40 27.11.2017

O qadınla mən əxlaqsızın yekəsiyik...

Lalə Niftaliyeva 

Axşam soyuq və yağışla qol-boyun olub evə doğru gedirdim. Yol gedə-gedə şeir dinləməyi sevirəm. Qulaqcıqda Cemal Süreyyanın "Üvercinka" şeiri məni məst edirdi. Keçirdiyimiz hallar bizi bəzən matreal aləmdən ayırır. Eynən dünən şeiri dinlədiyim zaman sətirlərin içində soyuğu hiss etmədiyim kimi. 

Deməli bu cür hisslərlə xoşbəxt və məsud yol getdiyim vaxt yolun kənarında yerləşən xəstəxanadan 3 gənc xanım çıxdı. Birinin ayağında baxil var idi. Baxil geyinən qoçaq xanım ondan iki addım qarşıda zibil qabı olmasına rağmən, geyindiyi baxilləri çıxarıb yerə atdı. Gördüyüm mənzərə yumruq kimi gözümün üstündən dəydi. Bir anlıq duruxdum, sonra baxilləri yerdən götürüb xanımı səslədim:
 
-Xanım, baxın zibilqabı uzaqda deyil və onu bura atmaq qətiyyən çətin deyil.
 
Qız durub üzümə baxdı və:
 
- Ay qız, sənə nə? Özüm bilərəm. Tərbiyəsizin biri.
 
Yox, cavab qaytarmadım. Yenidən öz şeir dünyama geri döndüm və sürətli addımlarla uzaqlaşmağa başladım. Bir az gedəndən sonra gözümdən süzülən yaşlara qarşı çıxa bilmədim. Mahiyyətimizi hər dəfə daha çox ortaya qoyan insanlarla rastlaşdıqca çox üzülürəm. Bu qız mənə xatırlatdı ki, Azərbaycan qadınları ərləri tərəfindən döyülməyə layiqdir. Bu onların tələbatıdır. Bəli, bu yazını yazan da qadındır. Özü də Azərbaycan qadını və həmin göz yaşları da bu həqiqətin dərki idi. Məni linç etməyə hazır olan "qadın" kütləsi, yaxın oturun ekrana və özünüzlə tanış olun. 

Mən sizi qınamaq istəmirəm, çünki tarixi şərait sizi bu hala salıb. Lakin dünya çox sürətlə inkişaf edir və biz də həmin inkişafın düz mərkəzindəyik. Çünki bütün dünya sizin ovcunuza yerləşdirilib. İstədiyiniz informasiyaya bir neçə dəqiqə ərzində yiyələnə bilirsiniz. Amma sizin üçün həyat bu deyil, hə? Mən demirəm ki, siyasətə qarışın, ya da elmi kəşflər edin, yox. Sadəcə özünüzü tapın. "Ananın yaşadıqları həqiqətdirmi?" deyə sorğulayın. Heç indiyə kimi şikayət etməyən ana ilə rastlaşdınızmı? Mən yox, elə mənim varlığımdan da şikayət etdiyi olur. Biz niyə onların yaşadıqlarını təkrar-təkrar yaşayaq axı?
Zibili yerə atan xanıma görə, mən onu qınadığım üçün tərbiyəsizəm. Bəli, razıyam onunla, mən əxlaqsızın yekəsiyəm. Bəs yaxşı o kimdir? Səbirli ol, deyəcəm. Bütün ömrünü kişi axtarıb, hiylə qurub ona ərə getməyə çalışan, insanlara hər zaman xoşbəxtliyini sübut etmək üçün çırpınan bir qadın təsəvvür edin. Məsələn, bu cür qadınların belə bir məziyyəti də var. Ərə getdikləri zaman ehtiraslarını içlərində boğurlar. Uzağa getmirəm, elə öz yaxın qohumlarımın danışdıqları ilə göstərəcəm sizə bu xarakterləri. Deməli 29 yaşlarında bir qohumum var. 21 yaşında ailə qurub və hər kəs üçün ideal ana və fədakar həyat yoldaşıdır. Bəs gerçək olan nədir? Onun seksə iyrənc bir şey kimi baxması. "Mən ərimlə sevişəndə, istəyirəm ki, hər şey tez bitsin. Çox iyrənc olur hər şey", deyəndə təəccübdən bərələn gözlərimi gözünə dikib "Bəs, ərin bunu bilir" deyə soruşdum. "Dəlisən? Yox, ayıbdır, ona bunu necə deyə bilərəm axı? Özümü elə aparıram ki, guya xoşuma gəlir". Və bu qadın iki uşaq dünyaya gətirib. Bu fədakarlıqdırsa, üzr istəyirəm, tüpürüm belə fədakarlığa.
 
Bir hekayə də danışım sizə. Deməli bu xanım da qohumumdur. O yeni ərə getmişdi və bizi qonaq çağırmışdı. Qız söhbət əsnasında bizə belə bir məsləhət verdi: "Çalışın ərə gedəndə, ərinizlə sevişəndə heç nə etməyin. Yoxsa, elə bilər ki, siz tərbiyəsizsiniz".
 
Bunları boş yerə sizinlə bölüşmürəm, əziz oxucu. Mənim anam da, xalam da, nəslimdəki bütün qadınların hamısı o cür düşünür. Çünki onlar tək qalmaqdan qorxurlar. Onlar hər cür təhqiri qəbul edə bilir. Çünki onlar etiraz hissindən məhrum olan məxluqlardır və onları döyən kişiləri də özləri o cür tərbiyyə edir.
 
Bəzən deyirlər ki, bizim igid qadınlarımız olub, əri ölüb, amma o üç uşağını tək başına böyüdüb. Sizcə bir dəfə yaşayacağı ömrünü insan belə keçirməlidirmi? O qadının arzuları, ehtiyaclarını düşünən var? O yalınız cəmiyyət üçün yaşayan robota çevrilir, vəssalam. Onun böyütdüyü oğlan bir qadını necə xoşbəxt etsin? O kişi üçün qadın anlayışı yalnız özünü fəda etməyi bacaran məxluqdur. 
 
Elm bizim şüurlu heyvan olduğumuzu artıq sübut edib. Hamınız bilirsiniz ki, heyvanların aləmində güclü və mübariz olan yaşayır. Bizim cəmiyyət bu hisslərin hər iksindən məhrum olub, fağır, yazıq və fədakarlığı üstünlük bilən məxluqa çevirib. Əsl fədakarlıq cəsarətdən başlayır. Özünü tanıma yolunda imtina etdiyin rahatlıqdan başlayır. Elə kiçik zibili zəhmət çəkib zibilqabına atmaqdan başlayır, fədakarlıq, cəsarət və mədəniyyət... 

Elə zibili yerə atan o xanım, sabah bunu öz övladının yanında da təkrarlayacaq. Bu kiçik detalla o gələcək üçün əxlaqsız bir şəxsiyyət böyüdəcək və onun tərəfindən də hər zaman təhqir olunacaq.
 
Məsələ yerə düşən zibildə deyil bəlkə də, mahiyyətimizin zibil günündə olmasındadır. Niyə bütün hiddətim qadınlaradır deyə, sual verə bilərsiniz? Çünki onları idarə edən qüvvə qadındır. Hə, biz çox güclüyük, amma bu gücü nəyə sərf edirik? Siz məndən daha yaxşı bilirsiniz. Mən də təəssüf edirəm.