Dünya 11:17 20.04.2013

Obama xalqa müraciət etdi

ABŞ prezidenti Barak Obama Bostonda terror törətməkdə şübhəli sayılan şəxsin yaxalanması ilə əlaqədar televiziya vasitəsilə xalqa müraciət edib.

APA-nın xəbərinə görə, Obama Boston  və Massaçusets sakinləri qarşısında borclu olduqlarını söyləyib. O, amerikalıların terrora qarşı müqavimət göstərdiyini və bu səbəblə terrorçuların məğlub olduğunu bəyan edib.

B. Obama baş vermiş hadisə ilə bağlı çox ciddi təhqiqat aparılacağını, cinayətkarların motivini və onlara kömək edənlərin olub-olmadığını öyrənməyə çalışacaqlarını söyləyib. Bununla yanaşı, prezident qeyd edib ki, bəzi şəxslərin əməllərinə görə hansısa insanlar qrupunun günahlandırılması doğru deyil və Bostonun rəngarəngliyi onun böyüklüyüdür.

Xatırladaq ki, aprelin 19-da axşam Bostonun ətrafındakı Uotertaun rayonunda Coxar Sarnayev adlı şəxs yaralı vəziyyətdə yaxalanıb və xəstəxanaya aparılıb. Onun böyük qardaşı Tamerlan isə polislə atışmada öldürülüb. B. Obama Rusiya prezidenti Vladimir Putinə Boston terrorunun təhqiqatında əməkdaşlığa görə təşəkkür edib.

Qaynar.info