Sənət 09:00 22.01.2018

Oksfordda dərs deyən azərbaycanlı

Universitetin ikinci kursunda bütün kainat üçün xidmətləri olan Sevinc müəllimə (bunu mütləq vurğulamalıyam. Çünki Sevinc müəllim tək mənim yox, dərs dediyi bütün tələbələrinin həyatında yaxşı mənada təsirləri olan insandır) mənə Muriel Maufroyun "Eşqin Kimyası” əsərini oxuyub, onunla təəssüratlarımı bölüşməyimi istədi.
 
Nizami Gəncəvinin "Xəmsə”sini yenidən mütaliə etməyə başladığım dövr idi. Adını eşitdiyim Mövlanə və Şəmslə bir fransız yazıçısı vasitəsilə tanış oldum.  Fransız psixoloq Pier Mariya Feliks Jane Tedyul Ribo belə bir nəzəriyyə irəli sürür ki, insan vahid ruhdan ibarət deyil. Bizim daxili dünyamızda bir-biri ilə münaqişədə olan çoxlu ruh var və sadəcə biri "hökmran mən” olaraq, o birilərini idarə edir. Zamanla bu "hökmran mən” başqa ruh tərəfindən ələ keçirilir və siz bütün inandıqlarınızın boş olduğu qənaətinə gəlirsiniz. Bu isə təbii ki, depressiya və pis halda intiharla nəticələnə bilər. Odur ki, içinizdə baş verən münaqişə və çaxnaşmanı diqqətlə dinləyib məhvə məhkum olan "mən”in hüznlü ölümünü izləyib, ona qalib gələn "mən”in istəklərini diqqətlə izləməniz lazımdır. Bu nəzəriyyə həmin dövr üçün həyatımda çox aktual idi. Yeni işıq və ümid qapısını isə Sevinc müəllimə və Mövlanə açdı mən üçün. Sufizim, buddizim, yoqa, meditasiya və zəngin bir mütaliə işığı. 
 


Oxuduğumuz ədəbiyyatlar musiqi zövqümüzə də ciddi təsir etməkdədir. Elə sizi də 6 oktyabr 1963-cü ildə Cənubi Azərbaycanda, daha dəqiq Urmiyada doğulan möhtəşəm bir səs və istedad olan Davud Azadla tanış etmək istəyirəm. Artıq 7 ilə yaxındır kainatla mənim aramda sevgi körpüsü tikən bu möhtəşəm səs həm də instrumental alətlərin mahir ifaçısıdır. Qədimdə sufilər belə hesab edirdi ki, biz Allahla bir bütünük və ünsiyyət qurduğumuz dil musiqidir. Davud Azadı bəlkə də bu dillərin içində ən mükəmməli hesab etmək olar. Tar, setar, tanbor, dəf, rübab kimi instrumental alətlərdə peşəkar olan Davud deyir: "Mən böyük ansmabılın gücünə inanmıram. Musiqi indiki andır. Və bir instrumentin köməyi ilə bunu daha yaxşı hiss etmək olar. Çünki hər alətin öz enerjisi var. Ona görə vahid enerji yaratmaq üçün böyük qruplardan və səhnələrdən uzaq durmağa çalışıram”.
  
Davud Azad fars musiqisi və onun formaları haqqında Oksford Universitetinə dəvət olunan və dərs deyən ilk iranlı müəllimdir. O həm də, dünya şöhrətli musiqi festivallarında da iştirak edib. "BBC proms”, "Müqəddəs səslər”, "Sir John Taverners” festivallarında və İngiltərədə "Oksford Hərəkətləri Festivalı”, Norveçdə "Nord Sənət Festivalı”, Macarıstanda "Dünya Xalqaları Festivalı”, Şotlandiyada "Edinburq Mənəvi Festivalı”, Fransada "Mon de Ərəb İnistututu Festivalı”nda olan çıxışları ilə dünyanın tanınmış musiqiçiləri ilə bir sıraya daxil olub. 

Müəllifin 6 musiqi albomu var. İlk albomunu 25 yaşında çıxarıb. Təsəvvüf, İran və Azərbaycan musiqilərinə müasir şərhlər əlavə edərək, özünə məxsus bəstələr edən Azad yalnız ilham gəldiyi vaxtlarda musiqi bəstələyir. Tələbələrinin və musiqiçi dostlarının sözlərinə görə, o, bəstələrinin üzərində uzun zaman işləmir. Müəllimin yaradıcılığı musiqi ilə kifayətlənmir. O həm də "Təbriz Tar Məktəbi” və "Setar xalq musiqisinin Hormozey məqamı” adlı kitabların da müəllifidir. 
 


Mövlanə və Bax 

Bu iki fərqli mədəniyyəti nə birləşdirə bilər? Təbii ki, Davud Azadın sevgisi. Qeyd etdiyim kimi, Davud Azadın musiqisinin təməlində yalnız "ilham” var və o heç bir bəstəsini planlayaraq yaratmır. Bəstəkar bir gün 5 il Bax musiqisinin tədqiqatı ilə məşğul olan Melita Kalinin piyanoda Baxın musiqilərini ifa etiyi zaman Mövlanənin şeirlərini oxuyurmuş. Bir anda oxuduğu şeirlə fondakı musiqinin uyumunu hiss edib, bu layihənin əsasını qoyur. Mövlanənin şeiri ilə Baxın bəstələrinin harmoniyasından möhtəşəm əsərlər doğulur. Bu bəstələr bir yandan da İran xalq, Azərbaycan və təkkə musiqisinin də fərqli sintezləri ilə birləşir. Musiqiçi Mozart, Beethoven kimi bəstəkarların əsərləri ilə Mövlanə şeirini bir araya gətirəcəyini dilə gətirib. 
 
Konsertlərinin birində Azad səhnəyə Mattheu Barley (violens), Hiroko İmai (piyano) və Siriş Kumar (tabla) ilə birgə çıxıb. Davud Azad bu çıxışını belə açıqlayır: "Mən bunu bilərək etdim. Bir çox fərqli musiqi mədəniyyəti ilə tanış oldum. Eyni zamanda hər kəsin bərabər olduğu bir ortamda musiqim ilə var olmağı özümə verilmiş hədiyyə hesab edirəm”. 

Lalə Niftaliyeva