Ekonomiks 10:30 07.11.2014

Oliqarx-deputatımız Gürcüstanı qarışdırdı - UN QALMAQALI


Azərbaycanda tikinti və un istehsalı sektorunda əsas fiqurlardan hesab olunan deputat Əsabil Qasımov  Gürcüstanda əsəbi mühit yaradıb. Buna səbəb deputatın Azərbaycan yetmirmiş kimi Gürcüstanın da taxıl və un emalı bazarını inhisara alması, böyük kapital yeridərək gürcü şirkətlərini bazardan sıxışdırıb çıxarmasıdır. Gürcüstan Taxılçılar Assosiasiyası bəyan edir ki, deputatın təsisçisi olduğu “Karat Holdinq” nəhəng maliyyə resurslarından istifadə edərək cəmi 2 il ərzində bu ölkədə taxılçılıq və taxıl emalı sahəsində fəaliyyət göstərən əksər iri şirkətləri alıb. Söhbət “Karat Holdinq”in tərkibinə qatılan 5 iri Gürcüstan taxıl emalı kombinatından gedir. Bu kombinatlar holdinqin mülkiyyətinə keçdikdən sonra “Karat Holdinq” Gürcüstan bazarında şəriksiz inhisarçıya çevrilib.

Assosiasiya bildirir ki, holdinq Gürcüstanın un bazarının 60 faizinə nəzarət edir, ölkədə mövcud olan dəyirmanların isə 90 faizi ona məxsusdur. Bu dəyirmanlardan ən böyüyü Poti limanında yerləşir. Əsabil Qasımovun holdinqinin Gürcüstandakı müəssisələri sutkada 1200 ton un isthsal edir ki, bu da ölkənin una olan sutkalıq tələbatını tam ödəyir. Lakin “Karat Holdinq”In Gürcüstan nümayəndəsi Rəna Babayeva “Kommersant”a açıqlamasında assosiasiyanın ittihamlarını rədd edib. Onun sözlərinə görə, gürcü şirkətlərinin problemi ondadır ki, onlar “Karat Holdinq”ə layiqli rəqabət göstərə bilmirlər və bazarda mövqelərini rəqabəti məhdudlaşdırmaqla möhkəmləndirməyə çalışırlar.

“Bundan əlavə, assosiasiya yalan rəqəmlər irəli sürərək deyir ki, guya ”Karat Holdinq" Gürcüstanın un bazarının 60 faizinə nəzarət edir. Halbuki Gürcüstan vergi orqanlarının açıqladığı rəqəmlər göstərir ki, biz bazarda heç 40 faizlik paya da çatmırıq. Və gürcü şirkətlərinə heç kim mane olmur ki, investorları cəlb etsinlər və bizneslərini inkişaf etdirsinlər. Lakin onlar bunu edə bilmirlər. Gürcüstan bazarında rəqabət çox böyükdür, onların investorları cəlb etmək üçün bütün imkanları var. İndi xeyli işləməyən kombinatlar var və onlara investisiya qoyub dirçəltmək olar. Yeri gəlmişkən, “Karat Holdinq” elə belə də edib" - Babayeva bildirib. Deputatın holdinqinin nümayəndəsi deyib ki, “Karat Holdinq” Gürcüstanda 2006-cı ildən işləyir və hazırda 4 taxıl kombinatına malikdir.

Lakin Gürcüstan Taxılçılar Assosiasiyası “Karat Holdinq”in inhisarçılığından müvafiq dövlət agentliyinə şikayət edib və şirkətin bazardakı payına dair rəqəmləri araşdırmağı xahiş edir. Gürcüstanın Rəqabət Agentliyi təsdiq edib ki, ölkənin un bazarında inhisaçılığın hökm sürdüyünə, bu inhisarçılığın gürcü şirkətlərinin müflis olmasına gətirib çıxaracağına dəlalət edən faktlar təqdim olunub. Virtualaz.org qeyd edir ki, deputat Əsabil Qasımovun holdinqi Azərbaycanda un bazarında faktiki inhisarçıdır. Vaxtaşırı olaraq Azərbaycanda un və nəticədə çörək bahalaşırsa, deməli, deputatın “pul dəyirmanı”na daha çox milyonlar axır.  Milyardlarla dollarlıq kapitalı idarə edən deputatın adı eyni zamanda çoxsaylı qalmaqallarda hallanır. Məsələn, bugünlərdə onun şirkətində baş verən mənzil dələduzluğu və deputatın adamlarının mühafizəçinin adına sənədlər rəsmiləşdirərək sonradan onu tutdurması haqda faktlar açıqlanmışdı. Onu da yada salaq ki, bu, Ə.Qasımovun Gürcüstanda üzləşdiyi ilk belə ittiham deyil. Bir neçə il əvvəl o, qonşu ölkədə vergidən yayınmaqda da ittiham olunurdu. //musavat.com

Qaynar.info