Ekonomiks 09:57 11.05.2018

Oliqarxlar daha çox bu rayonlarda torpaqları qanunsuz zəbt ediblər (SİYAHI)

Azərbaycanın bəzi rayonlarında 1000 hektarlarla əkinə yararlı sahələr, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi zənginlərin mülkiyyətində  saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinə yararlı torpaqların oliqarxlar tərəfindən zəbt edilməsinə diqqət çəkərək, "ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmamalıdır”, deyə bildirmişdi: 

"Mən bu torpaqlarla bağlı məruzənin hazırlanmasını tapşırmışam. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara aiddir və məndə onların adları var. Yaxın vaxtlarda həmin məsələ ilə bağlı tədbirlər görüləcək və istifadə edilməyən torpaqlar geri alınaraq, kənd təsərrüfatında istifadəyə yönəldiləcək”. 

Ölkə rəhbəri 2016-cı ildə Sabirabadda keçirilmiş müşavirədə bu barədə daha sərt danışmışdı. Dövlət başçısı demişdi ki, böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq: 

"Ona görə bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir... Bir qarış torpaq belə boş qalmamalıdır”. 

Ölkə başçısının həmin tapşırıqlarından sonra Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi məsələnin həllinə dair birgə fəaliyyət göstərəcəklərini açıqlasalar da, indiyədək bir nəticə hasil olmayıb.

Bəs əkinə yararlı torpaqlar daha çox hansı bölgələrdə zəbt edilib? 



Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov modern.az-a deyib ki, əkinə yararlı torpaqların zəbt edilməsi müxtəlif rayonları əhatə edir:

"Hətta Abşeron rayonunda da belə torpaqlar oliqarxlar tərəfindən mənimsənilir. Lənkəran, Mərkəzi Aran, Gəncə, Qazax, Şəmkir (Ceyrançöldə), Zaqatala, Şəki bölgələrində daha çox mənimsənilmiş əkinə yararlı torpaqlar var. Bələdiyyə, dövlət torpaqlarını hasarlayırblar, bəzi hallarda müxtəlif bəhanələrlə xüsusi mülkiyyətdə olan pay torpaqlarını da kəndlilərin əlindən alıblar. Bəzi yerlərdə dəyər-dəyməzinə pulla alırlar, bəzi hallarda isə "sən bu torpaqdan səmərəli istifadə edə bilmirsən” deyərək, təhvil verməyə məcbur edirlər”.

V.Məhərrəmov qeyd edib ki, məsələnin çözülməsi yeni kənd təsərrüfatı naziri İnam Kərimovdan asılı deyil:

"İş burasındadır ki, yeni nazirin də o torpaqları ələ keçirənlərə təsir etmək gücü yoxdur. Çünki o torpaqları ələ keçirənlər böyük güc sahibidirlər. Ona görə də problemin həlli siyasi sifarişdən asılıdır”.

Ekspert deyib ki, bir müddət sonra torpaqları ələ keçirən oliqarxlar, holdinq sahibləri dövlət dotasiyasından məhrum edilərlərsə, vəziyyət dəyişə bilər:

"Belə olan halda onların biznesi faydalı olmayacaq, məcburiyyət qarşısında həmin torpaqları təhvil verəcəklər. Artıq bəzi rayonlarda ələ keçirilən örüş sahələrində iki il dalbadal əkinlə məşğul olanlar, üçüncü il məhsudarlıq aşağı olduğu üçün o torpaqları buraxıblar. Kiməsə təhvil də verməyiblər. Belə olan halda torpaqlar yenidən kəndlilərə qaytarıla bilər. Kəndlilər onsuz da torpaqdan istifadə qaydasını bilirlər, torpağı necə, hansı üsullarla münbitləşdirmək lazım olduğunu illərlə öyrəniblər. Kiçik təsərrüfatlarda məhsuldarlığı artırıb, sahəni gəlirli etmək mümkündür. Amma böyük təsərrüfatlarda bu, mümkün deyil. Çünki böyük təsərrüfatlarda daha çox işçi qüvvəsi cəlb olunur, onların əmək haqqı məsələsi meydana gəlir. Daha çox xərc tələb olunduğundan, idarəetmə lazımi səviyyədə qurulmadığından bir müddət əvvəl hər hektardan 55 sentner əldə edilirdisə, indi 35 sentner əldə edilir. Bu, pis idarəetmənin nəticəsidir. Əgər həmin ərazilərdə məhsuldarlıq bir az da aşağı düşərsə, bunlar üçün faydalı olmayacaq və torpaqlar yenidən kəndlilərin əlinə keçəcək”.