Siyasət 13:41 01.05.2013

“Onların dedikləri gülüncdür” - Millət vəkili

“Əslində, o cür düşünən insanlar sadəcə olaraq nəinki əyalət düşüncəli, ümumiyyətlə, müasir reallıqlardan uzaqdırlar. İndi Amerika ilə İran düşmən münasibətdədirlər. Xristofor Kolumb Amerikanı kəşf etib, indi bunlar istəyirlər ki, Amerikanı qapatsınlar. Bununla Amerika bağlanasıdır?!”.

Bunu Qaynar.info-ya Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov İranla Azərbaycan arasında Türkmənçay müqaviləsi ilə bağlı yaranan gərginlikdən danışarkən deyib. Millət vəkili bildirib ki,  İran tərəfinin iddiaları gülünc və tamamilə real siyasətdən uzaq olan mülahizələrdir: “Bunlar hamısı cəfəngiyyatdır. Həmin müqaviləni ləğv etməklə kimsə nəyəsə nail olmayacaq. Hazırda nə Rusiya imperiyası, nə də İran imperiyası var. Həmin imperiyalar indi yoxdur ki kimsə onların adından danışsın, hansısa müqaviləni ləğv etsin. Belə olan halda onlar özlərini gülünc vəziyyətə qoyurlar, bundan başqa şərh verməyə ehtiyac yoxdur”.

R.Musabəyov qeyd edib ki, İran bu kimi məsələlərdən istifadə edib ölkədaxili sabitliyi poza bilməz: “Azərbaycanda bu məsələlər nəzarətdədir. Bildiyiniz kimi, Azərbaycan müsəlman ölkəsi olsa da, dini dövlət deyil. Ölkəmiz dünyəvi dövlətdir. Düşünürəm ki, Azərbaycan dövlətinin gücü ölkədaxili təxribatların, gərginlik yaratmağa edilən cəhdlərin qarşısının alınmasına yetir”.

İlkin
Qaynar.info